Ötən il Riyaziyyat və Mexanika İnstitutu əməkdaşlarının məqalələrinə 1400 istinad olunub

Ötən il Riyaziyyat və Mexanika İnstitutu əməkdaşlarının məqalələrinə 1400 istinad olunub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda səmərəli elmi-tədqiqatlar aparılır, diqqətəlayiq nailiyyətlər əldə olunur. Bu barədə institutun şöbə müdiri, fizika üzrə fəlsəfə doktoru Aynurə Cəfərova Tehsil-press.az-a ətraflı məlumat verib. Bildirib ki, institutda aparılan tədqiqatlar riyaziyyat və mexanika sahələri üzrə 7 elmi istiqaməti (6-sı riyaziyyat, 1-i mexanika olmaqla) əhatə edir.
Ötən il AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş elmi və prioritet istiqamətlər proqramına uyğun olaraq, 7 problem çərçivəsində 18 mövzu və 105 iş üzrə (76-sı riyaziyyat, 29-u isə mexanika olmaqla) tədqiqatlar aparılıb.
Hesabat ilində dörd elmi iş mühüm nəticə kimi qəbul edilib.
İnstitutun “Maye və qaz mexanikası” şöbəsinin əməkdaşları AMEA-nın müxbir üzvü Qeylani Pənahov və dosent Eldar Abbasov Çin Xalq Respublikasında CNOOC neft şirkətinin Bohai Bay dəniz yatağında laya yeni qeyri-tarazlı qaz-maye sistemi ilə təsir edən innovasiyalı texnologiyanı mədən şəraitində tətbiq ediblər. Dəniz şəraitində C12ST01 saylı vurucu quyuda texnoloji əməliyyat müvəffəqiyyətlə həyata keçirilib və sıxışdırmada effektivliyin artırılması texnologiyası realizə olunub. Texnologiyanın tətbiqi nəticəsində istismar quyularında neft debitinin artması müşahidə edilib.
Hesabat ili ərzində institut əməkdaşlarının ümumilikdə 369 elmi əsəri – 4 kitab (3-ü xaricdə), 207 məqalə (152-si xaricdə), 150 tezisi (58-i xaricdə) çap olunub. Həmçinin Azərbaycanda 2 dərslik, 1 dərs vəsaiti, 3 test toplusu və 2 metodik göstəriş nəşr etdirilib.
Məqalələrdən 76-sı “Clarivate Analytics” (Thomson Reuters) beynəlxalq elmi bazasının impakt faktorlu jurnallarında, 34-ü isə SCOPUS-un bazasına daxil olan jurnallarda dərc edilib. İnstitut əməkdaşlarının məqalələrinə hesabat ilində1400 istinad olunub.
İl ərzində Riyaziyyat və Mexanika İnstitutunda 6-sı elmlər doktoru və 14-ü fəlsəfə doktoru olmaqla, 20 nəfər müdafiə edib.
Hesabat ilində institutun əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-təhsilin inteqrasiyası” qrant müsabiqəsi üzrə 9 layihənin, fondun 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi üzrə 2 layihənin və AMEA Rəyasət Heyətinin 2 proqramının qalibi olublar.

Tehsil-press.az



Oxşar xəbərlər