Tahir Kərimli: “Hacı Şahinin məzarının ətrafına toplaşan moizəçilər ya özlərini göstərib populyarlıq qazanmaq istəyirlər, ya da…”

Tahir Kərimli: “Hacı Şahinin məzarının ətrafına toplaşan moizəçilər ya özlərini göstərib populyarlıq qazanmaq istəyirlər, ya da…” “Allah Hacı Şahin Həsənliyə rəhmət eləsin. Onun ölümü ilə bağlı Vəhdət Patiyası da başsağlığı verib. Hacı Şahin dəyərli insan, sadə, təvazökar, xalqa yaxın adam, cəmiyyət içində nüfuzu böyük idi. Ambisiyalı görünmür, hər kəslə onun öz dilində danışırdı. Moizələri də çox sadə dildə idi, hansısa başqa dövlətin təsiri hiss olunmurdu. Bilirik ki, bizdə bir sıra moizəçilər, hətta hansısa başqa dövlətin ləhcəsində danışırlar. Təbii ki, Hacı Şahinə xalqın sevgisi vardı. Bu, onun dəfnində də özünü göstərdi. İnsanlar məcbur edilmədən onun məzarı başında toplaşdılar. Amma hər gecə Hacı Şahinin məzarının ətrafına toplaşıb mərsiyə demək də təkcə insanların Hacı Şahinin xatirəsini yad etmək deyil, eyni zamanda özünü göstərmək meyillərini görürəm. Ya o moizəçilər belə yolla özlərini göstərib populyarlıq qazanmaq istəyirlər, ya da ola bilər, hansısa dövlətin dairələrinə özlərini göstərirlər. Bunu deyə bilmərəm. Amma məsələ budur ki, rəhmətlik Hacı Şahin həmişə azərbaycançı mövqedə olub. Bu baxımdan, onun İran, yaxud başqa dövlətin təsiri altında olduğunu demək inandırıcı deyil”.
Bu sözləri Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputat bildirib ki, Hacı Şahin Həsənlinin ölümündən sui-istifadə etmək doğru deyil: “Ehtiram göstərməliyik. Sanki ölkədə bir çoxlarının əlinə fürsət düşdü və özlərini realizəyə, bundan istifadə etməyə başladılar. Çünki Azərbaycan dünyəvi dövlətdir. Ona görə də bir sıra dini mərasimlərin aparılmasında məhdudiyyətlər var, dövlət mənafeyi öndədir. Belə halda yas mərasimindən bu cür istifadə etmək doğru deyil. Yəqin ki, burada hansısa dövlətin də xeyrinə istifadə etməyə çalışırlar. Dəqiq deyə bilmərəm. Çünki Hacı Şahin ölümü ilə böyük bir hadisə yaratdı. Minlərlə insan toplaşdı, o adamların içində populyar olmaq, öz mövqeyini möhkəmləndirmək istəyi əmələ gəldi. Hacı Şahinin ölümündən bu cür istifadə yolverilməzdir. Konkret hansısa dövlətin nəfinə istifadə meyillərini araşdırmaq məsələsi artıq müvafiq orqanların işidir. Bunun üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, inzibati orqanlar var, onlar araşdırlmalıdırlar”.

Tehsil-press.az

Oxşar xəbərlər