Məleykə Abbaszadə şagirdləri, Emin Əmrullayev müəllimləri “sındırır”...

Məleykə Abbaszadə şagirdləri, Emin Əmrullayev müəllimləri “sındırır”... Qırx il pedaqoji staja malik olan müəllim dostum danışır: "Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi arasında konflikt var. DİM nazirliyin acığına şagirdləri "sındırır”.
Təhsil sektorunda çalışmadığım üçün onun nə demək istədiyini əvvəlcə anlamağa çətinlik çəkdim. Buna görə də əlavə izahat verməli oldu: "DİM buraxılış imtahanlarında qəsdən çətin suallar salır. Məqsəd şagirdlərin aşağı nəticə göstərməyini təmin etməkdir. Öz aləmlərində bu yolla Elm və Təhsil Nazirliyini hörmətdən salmaq, məktəblərdə tədrisin səviyyəsinin aşağı olduğunu sübut etmək istəyirlər".
Bu problem mənə də tanışdır. Təkcə bu gün muxbirlərimizin analoji mövzuda hazırladığı iki yazını oxuyub saytda yerləşdirmişəm. İlk etiraz tanınmış təhsil eksperti Kamran Əsədovdan gəldi. Kamran müəllim dedi ki, martın 5-də olduğu kimi dünən keçirilən buraxılış imtahanında da suallar çətin olub. Şagirdlərin oxuyub onları cavablandırmağa vaxtı çatmayıb. Elə sual olub ki, ona cavab yazmaq üçün 8-10 dəqiqə vaxt sərf etmək lazım gəlib.
"Yeni Sabah" üçün mövzunu şərh edən digər təhsil eksperti Məzahir Məmmədli isə baltanı "kökündən vurub". Məzahir müəllim deyib ki DİM dərhal ləğv olunmalıdı. Səbəbini isə belə izah edib: "Şagirdləri qəsdən ilişdirirlər".
Ekspertin sonrakı iddiası isə daha ciddidir və mütləq araşdırılmalıdır: "Bu gün DİM publik hüququ şəxs olduğu üçün onu ancaq qazanc maraqlandırır. Qazancın digər yolunu da dərsliklərdən kənar əlavə oxu materialları dərc etdirməkdə görürlər. Ən pis tərəfi də odur ki, imtahanda da sualları həmin əlavə vəsaitdən salır. Hal belə olduqda da uğur göstəricilərinin sayı aşağı düşür".
Yaddaşımdan şikayətim olmadığı üçün martın 5-də keçirilən birinci buraxılış imtahanından sonra yaranmış vəziyyəti yaxşı xatırlayıram. Bir həftə əvvəl də eyni ittihamlar səslənirdi. Birinci buraxılış imtahanından sonra da sualların çətin olduğu, orta məktəblərdə keçilməyən mövzularla şagirdlərin sınağa çəkildiyi deyilirdi. Bilirsiniz, maraqlısı nədir? Ortalığı toz-duman bürüsə də, Elm və Təhsil Nazirliyi ciddi-cəhdlə məsələyə münasibət bildirməkdən yayınır. Bir gündə 50 jurnalistin sualına cavab verən gənc və enerjili təhsil nazirimiz özünə əziyyət verib 100 mindən artıq şagird üçün həyati dərəcədə əhəmiyyətli olan bu məsələyə münasibət bildirmək istəmir. Otuz-qırx ilin müəllimlərinin səhvini tutan Əmrullayev DİM-in səhvini dilə gətirməyə çəkinir.
Siz elə bir bağban təsəvvür edirsiniz ki, böyütdüyü ağaclar bar verəndə yad adamların onları baltalamasına göz yumsun?
Qəribə situasiya yaranıb: şagirdləri Məleykə Abbaszadə, müəllimləri Emin Əmrullayev "sındırır"...


Tehsil-press.az

Oxşar xəbərlər