“Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb Noyabrın 22-də Elm və Təhsil Nazirliyinin şagirdlər arasında təşkil etdiyi “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, millət vəkilləri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, yerli təhsili idarəetmə qurumlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Baş nazirin müavini Əli Əhmədov 44 günlük Vətən müharibəsində qazanılan qələbənin dövlətimizin qüdrətinin ifadəsi olduğunu vurğulayıb. Baş nazirin müavini qeyd edib ki, ölkə prezidenti cənab İlham Əliyevin “Əziz Şuşa, sən azadsan!” ifadəsi bugünkü və gələcək nəsillərə bir çağırışdır.
Müsabiqədə qalib gələn şagirdləri, onların valideyn və müəllimlərini təbrik edən Əli Əhmədov belə tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda yetişməsində əhəmiyyətli rol oynadığını əlavə edib.
Daha sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsi 44 günlük Vətən müharibəsində qazanılan zəfər barədə şagirdlərin öz düşüncələrini qələmə almaları, həmçinin Azərbaycan dilində yazı bacarıqlarının inkişaf etdirilməsi məqsədini daşıyır.
İşğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərdən danışan Emin Əmrullayev hazırda burada bərpa-quruculuq işlərinin davam etdirildiyini və müasir standartlara uyğun məktəblər tikildiyini qeyd edib. Çıxışının sonunda Emin Əmrullayev müsabiqə qaliblərini təbrik edərək onlara uğurlar arzulayıb.
Tədbirdə Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Röya Səfərzadə çıxış edərək təəssüratlarını bölüşüb.
Sonda “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.
Qeyd edək ki, müsabiqənin nəticələrinə əsasən 5 nəfər I, 10 nəfər II, 15 nəfər isə III yerə layiq görülməklə ümumilikdə 30 nəfər şagird qalib elan edilib.

Tehsil-press.az


Oxşar xəbərlər