Akademik: “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması alimlərimizin mənəvi və vətəndaşlıq borcudur

Akademik: “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması alimlərimizin mənəvi və vətəndaşlıq borcudur Prezident İlham Əliyevin 2022-ci il 28 noyabr tarixli Sərəncamına əsasən, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planının “Ulu Öndərin irsinə həsr olunmuş əsərlərin, kitabların və monoqrafiyaların nəşri” haqqında 10-cu bəndinin əsas icraçılarından biri kimi Azərbaycan Milli Elmlər Akademiyası müəyyən edilib.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında AMEA prezidenti akademik İsa Həbibbəyli söyləyib. O qeyd edib ki, akademiyada sözügedən bəndin icrasını təmin etmək məqsədilə çoxsaylı əsərlərin nəşri ilə yanaşı, 2023-2025-ci illər ərzində “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması nəzərdə tutulur. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən operativ şəkildə “Heydər Əliyev Ensiklopediyası”nın 824 maddəlik sözlüyü hazırlanaraq AMEA Rəyasət Heyətinə təqdim edilib. Sözlüyün müzakirəsini təmin etmək və yekun variantını hazırlamaq məqsədilə Komissiya yaradılıb və ötən müddət ərzində sözlüyə müvafiq istiqamətlər üzrə əlavə və düzəlişlər edilərək AMEA Rəyasət Heyətinə təqdim olunub.
Akademik İsa Həbibbəyli sözügedən nəşrdə Ulu Öndərin şəxsiyyətinin miqyası və fəaliyyətinin bütün sahələrinin əks olunacağını deyib və “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması və nəşrinin alimlərimizin Ümummilli Lider qarşısında mənəvi və vətəndaşlıq borcu olduğunu bildirib.
Təklif edilən əlavə və düzəlişlər nəzərə alınaraq “Heydər Əliyev Ensiklopediyası”nın sözlüyü təsdiq edilib və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə sözlüyə uyğun olaraq ensiklopediyanın hazırlanması tapşırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər