AMEA Rəyasət Heyətinin iclası keçirilib

AMEA Rəyasət Heyətinin iclası keçirilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda müzakirəyə çıxarılan ilk məsələ Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Görkəmli dövlət xadimi Heydər Əliyev: lider, zaman və müasirlik” mövzusunda AMEA-nın mayın 1-də keçirilən Ümumi yığıncağının xüsusi iclasının yekunları və qarşıda duran vəzifələr haqqında olub.
Bu barədə fikirlərini bildirən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, tədbirə Türkiyə, Özbəkistan, Gürcüstan Elmlər akademiyalarının, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun, Asiya Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının rəhbərliyi və nümayəndələri dəvət olunmuşdu. Xüsusi iclasda qonaqlar Ulu Öndər Heydər Əliyevlə bağlı yüksək səviyyədə məruzələrlə çıxış etdilər. Bu tədbir Azərbaycan cəmiyyəti tərəfindən yüksək qəbul olundu, Akademiyada gedən yeniləşmə prosesini və dəyişiklikləri əks etdirdi.
Daha sonra AMEA Rəyasət Heyətinin iclasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər planının icrası haqqında müzakirələr aparılıb. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Akademiyanın elmi müəssisə və təşkilatlarında bu günə kimi Ulu Öndərin zəngin həyat və fəaliyyətini əks etdirən yüksək səviyyədə 17 konfrans, futbol, stolüstü tennis və şahmat (qadın və kişilər arasında) yarışlarından ibarət Spartakiada keçirilib, sərgilər təşkil olunub. Həmçinin Azərbaycan Əliyevşünaslığını elmi-fundamental tədqiqatlarla zənginləşdirən 15 kitab işıq üzü görüb və bir neçəsi çap prosesindədir. Bundan əlavə, “Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası”, “Heydər Əliyev və Əlyazmalar İnstitutu” və “Heydər Əliyev müasirlərinin xatirəsində” sənədli filmləri hazırlanıb.
AMEA rəhbəri, həmçinin Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan nəşr və rəsm əsərlərindən ibarət sərgi təşkil ediləcəyini vurğulayıb.
Akademiyada 2023-2024-cü illərdə hazırlanması nəzərdə tutulan “Heydər Əliyev Ensiklopediyası”nın sözlüyünün hazırda müzakirə mərhələsində olduğunu deyən akademik İsa Həbibbəyli nəşrin “Heydər Əliyev İli”nə sanballı töhfə olacağını söyləyib.
AMEA prezidenti qeyd edib ki, 2023-cü ilin dekabr ayında Rəyasət Heyətində keçiriləcək iclasla Akademiyanın “Heydər Əliyev İli” tədbirlərinə yekun vurulacaq.
Daha sonra Rəyasət Heyətinin iclasında Türkiyə Respublikasının 100 illik yubileyinə həsr edilən tədbirlər haqqında müzakirələr aparılıb. Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli AMEA-nın elmi müəssisə və təşkilatlarında Türkiyə Respublikasının 100 illik yubileyinə həsr edilən tədbirlər keçiriləcəyini bildirib. AMEA rəhbəri bu istiqamətdə “Bir millət, iki dövlət: Türkiyə-Azərbaycan əlaqələri Heydər Əliyev dövründə”, Türkiyə və Azərbaycan seysmoloqlarının beynəlxalq konfransı və digər tədbirlərin baş tutacağını, yekunda “Əhməd bəy Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq konfransın keçiriləcəyini diqqətə çatdırıb.
Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılan növbəti məsələ “AMEA-nın məruzələri” jurnalının ingilis dilində nəşr edilməsi haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, dünyanın bir sıra aparıcı reytinqlərində Azərbaycan elminin sanballı yer tutması üçün nəşrlərin ingiliscə və elektron bazasının olması vacib amildir və bu istiqamətdə Akademiyada elektron xidmətlər şəbəkəsinin genişləndirilməsinə dair işlər davam etdirilir. “AMEA-nın məruzələri” jurnalının ingilis dilində nəşr edilməsi bu istiqamətdə atılan növbəti addımdır və alimlərimizin, elmimizin dünyanın aparıcı elmi bazalarına çıxış imkanlarını genişləndirməyə xidmət edəcək.
Daha sonra AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən akademik-katib, akademik Arif Həşimov AMEA-nın elmi müəssisələrinin akkreditasiyasının keçirilməsi haqqında məlumat verib.
İclasda, həmçinin AMEA-nın müxbir üzvü Zöhrab Vəliyevin 70 illik yubileyi haqqında qərar qəbul edilib.
İclasda qeyd olunan məsələlər ətrafında akademiklər Arif Həşimov, Rasim Əliquliyev, İradə Hüseynova və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər