AMEA Rəyasət Heyətinin iclası keçirilib

AMEA Rəyasət Heyətinin iclası keçirilib Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Iclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Əvvəlcə iclasda 27 Mart - Elm Günü münasibətilə bir qrup əməkdaşa “Elmin populyarlaşdırılmasında xidmətlərinə görə” mükafatı və “Əmək veteranı vəsiqəsi” təqdim edilib.
Akademik İsa Həbibbəyli martın 27-də Mərkəzi Elmi Kitabxanada “Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr” adlı böyük tədbirin keçirildiyini və Elm Gününün ilk dəfə geniş şəkildə qeyd olunduğunu söyləyib.
Sonra bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub. Müzakirəyə çıxarılan ilk məsələ Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş AMEA-nın Ümumi yığıncağının keçirilməsi haqqında olub.
Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 2022-ci il 29 sentyabr tarixli və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2022-ci il 28 noyabr tarixli sərəncamlar imzalayıb.
Sərəncamların icrasını təmin etmək məqsədilə Rəyasət Heyəti tərəfindən bir sıra mühüm təşkilati tədbirlərin həyata keçirildiyini söyləyən akademik İsa Həbibbəyli 2022-ci il dekabrın 29-da AMEA-nın Tədbirlər planının təsdiq edildiyini vurğulayıb. Həmin Tədbirlər planı çərçivəsində akademiyada artıq 10-dan çox elmi konfransın keçirildiyini, bir neçə kitabın işıq üzü gördüyünü bildirən AMEA prezidenti hazırda 4 kitabın nəşr prosesində olduğunu deyib. Qeyd edib ki, Tədbirlər planında AMEA-nın Ümumi yığıncaqlarından birinin Heydər Əliyevin 100 illik yubileyinə həsr edilməsi əksini tapıb. AMEA-nın Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş Ümumi yığıncağında akademiyanın həqiqi və müxbir üzvləri, respublikanın tanınmış alim və ziyalıları ilə yanaşı, Türkiyə, Pakistan, Rusiya, Gürcüstan və başqa ölkələrin akademik elmi qurumlarından rəhbər şəxslərin iştirakı da nəzərdə tutulur.
İclasda qeyd olunanları nəzərə alaraq, mayın 1-də Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan AMEA-nın Ümumi yığıncağının keçirilməsi qərara alınıb.
Daha sonra iclasda AMEA-nın Avrasiya Universitetlər Birliyinə (EURAS) üzv seçildiyi diqqətə çatdırılıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, son vaxtlar AMEA-da aparılan çoxşaxəli islahatların mühüm istiqamətlərindən birini beynəlxalq elmi əlaqələrin inkişafı, xüsusən nüfuzlu beynəlxalq elmi qurumlarla əlaqələrin genişləndirilməsi təşkil edir.
“Bunun nəticəsidir ki, AMEA az bir müddət ərzində dünyanın bir sıra beynəlxalq elmi qurumlarına tamhüquqlu üzv seçilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, AMEA Avrasiya Universitetlər Birliyinin rəsmi üzvlüyünə qəbul edilib. EURAS-a üzvlük sertifikatı Birliyin prezidenti professor Mustafa Aydın tərəfindən AMEA-nın rəhbərliyinə təqdim edilib. Sertifikatda qeyd edilib ki, Azərbaycan Milli Elmlər Akademiyası bundan sonra EURAS tərəfindən təmin edilən bütün imtiyazlardan və üstünlüklərdən istifadə etmək hüququna malikdir. 2008-ci ildə fəaliyyətə başlayan EURAS Qərbi və Mərkəzi Avropa, Balkanlar, Qafqaz, Yaxın Şərq və bütün Asiyanın 140-a yaxın ali təhsil müəssisəsi və akademik qurum arasında əməkdaşlığı təşviq edir”, - deyə AMEA rəhbəri bildirib.
Akademik qeyd edib ki, AMEA-nın EURAS-ın rəsmi üzvlüyünə qəbul edilməsi akademiyanın beynəlxalq əlaqələrinin inkişafı istiqamətində olduqca mühüm bir addımdır və Azərbaycan elminin beynəlxalq elm mühitinə inteqrasiyası sahəsində yeni üfüqlər açır.
Sonra iclasda AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev Fransanın Marsel şəhərində keçirilmiş “Human Brain Project Summit: 2023” tədbirində iştirakının nəticələri haqqında məlumat verib. Diqqətə çatdırıb ki, sammitin keçirilməsində əsas məqsəd onillik layihə dövründə “Human Brain Project” (HBP) çərçivəsində aparılan tədqiqatların və əldə olunan yüksək elmi nailiyyətlərin cəmiyyətə verdiyi töhfələrin müzakirəsi olub. Tədbir çərçivəsində mühüm elmi nəticələrin, ən son innovasiyaların, EBRAINS Tədqiqat İnfrastrukturunda mövcud olan qabaqcıl xidmətlər və müasir texnologiyaların müzakirəsi üçün yüzlərlə tədqiqatçının, habelə media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə açıq forumlar keçirilib. Forumlarda, həmçinin süni intellektə əsaslanan texnologiyalar sahəsində Avropa üzrə bir sıra nailiyyətlər təqdim olunub.
Əldə olunan elmi nailiyyətlərə və EBRAINS Tədqiqat İnfrastrukturunun gələcəyinə nəzər salmaq, o cümlədən HBP-də xüsusi məqamları müzakirə etmək üçün sammitin əsas mövzusu kimi “Rəqəmsal beyin tədqiqatının nailiyyətləri və gələcəyi” seçilib.
Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb. Rəyasət Heyəti tərəfindən akademik Rasim Əliquliyevin məruzəsi qənaətbəxş hesab edilib və sammit çərçivəsində təqdim olunan elmi mövzuların, o cümlədən rəqəmsal beyin araşdırmaları, rəqəmsal beyin əsaslı robototexnika və hesablama texnologiyaları ilə bağlı tədqiqatların prioritet istiqamət olaraq respublikanın müvafiq elmi müəssisələrinin tədqiqat planlarına daxil edilməsi, multidisiplinar araşdırmaların aparılması, bu sahədə yüksəkixtisaslı kadr hazırlığına diqqətin artırılması tövsiyə olunub.
İclasda, həmçinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun strukturunda qismən dəyişiklik edilib. Elmi tədqiqatların keyfiyyətinin yaxşılaşdırılması, qarşıda duran vəzifələrin daha mütəşəkkil həyata keçirilməsinə nail olunması məqsədilə institutun Məntiq və İdrak nəzəriyyəsi şöbələrinin birləşdirilərək İdrak nəzəriyyəsi və məntiq şöbəsi adı ilə fəaliyyət göstərilməsi məqsədəuyğun hesab edilib. Habelə Azərbaycanın görkəmli kimyaçı alimi, akademik Sahib Əliyevin 90 illik yubileyi haqqında qərar qəbul olunub.
İclasda qeyd olunan məsələlər ətrafında akademiklər Arif Həşimov, Dilqəm Tağıyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, Muxtar İmanov, professorlar Kərim Şükürov və Abbas Seyidov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Tehsil-press.az




Oxşar xəbərlər