“Taksi qiymətləri birmənalı şəkildə qalxacaq” - Nazir açıqladı

“Taksi qiymətləri birmənalı şəkildə qalxacaq” - Nazir açıqladı “Bu qanunun qəbulu bir günün, bir həftənin qərarı deyil. Bu qanun layihəsinin hazırlanmasına uzun müddətdir ki, hazırlıq aparılır. Eyni zamanda, qanunun qəbul olunmasına dəlalət edən səbəblər var. Bunlar da ölkədə ekoloji təmizlik, vətəndaşlarımızın təhlükəsizliyi və s. məsələlərlə bağlıdır”.
Bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
Nazir qeyd edib ki, burada iki qrupda məsləhətçilər çalışır: “Bir qrup Bakıda mobilliyin təmin olunması, digəri isə yeniliyin faydaları barəsində araşdırmalar aparır. Bütün dünya ölkələri şəhərlərinin əkizlərini hazırlayırlar. Taksilərin mobil datalarından yığılan məlumatlar artıq bizim bazada var”.
“Bizim hədəfimiz taksi sayını deyil, taksi sifarişlərinin sayını azaltmaqdır. Taksi gedişlərinin əksəriyyəti 1,5 -3 km ətrafındadır. Bu məsafəni ya ayaqla, ya ictimai nəqliyyatla getmək olar. Hə, “ictimai nəqliyyat varmı?” sualı başqa bir mövzudur. Bizim ictimai nəqliyyatla bağlı kifayət qədər problemlərimiz var. Datalara görə ölkədə təxminən 67 min taksi fəaliyyət göstərir. Onların ortalama iş saatı 14-16 saatdır. Biz düzgün strategiya qursaq, həm iş saatlarını, həm gəlirləri tənzimləməklə onlar öz iş yerlərindən və gəlirlərindən məhrum olmayacaqlar”.
Nazir vurğulayıb ki, birmənalı şəkildə taksi qiymətləri qalxacaq: “Dünyanın heç bir yerində belə taksi qiymətləri yoxdur”.

Tehsil-press.az

Oxşar xəbərlər