Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev muzeyinin təşkilatçılığı ilə Milli Müdafiə Universitetinin professoru Vüqar Məmmədzadə ilə “Ümummilli Lider Heydər Əliyevin milli təhlükəsizlik strategiyası” mövzusunda görüş keçirilib.Professor Azərbaycanın dövlətçilik tarixində milli təhlükəsizlik konsepsiyasının formalaşması və institusional əsaslarının yaradılmasının Ulu Öndərin adı ilə bağlı olduğunu deyib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə bu sahədə mühüm addımlar atılıb, o cümlədən 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi ilə dövlətin suverenliyi, ərazi bütövlüyü və vətəndaşların təhlükəsizliyi hüquqi baxımdan təsbit olunub. Hüquq-mühafizə və təhlükəsizlik sisteminin təkmilləşdirilməsi istiqamətində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti gücləndirilib, sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün Dövlət Sərhəd Xidmətinin işi formalaşdırılıb. Bu addımlar ölkədə sabitliyin təmin olunması və dövlət institutlarının möhkəmləndirilməsi baxımından mühüm rol oynayıb.
Vüqar Məmmədzadə milli təhlükəsizlik strategiyasının sonrakı dövrdə də Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilərək yeni qanunvericilik aktları və dövlət proqramları ilə zənginləşdirildiyini bildirib. Bu kontekstdə 2004-cü ildə qəbul edilən Milli Təhlükəsizlik Konsepsiyası və 2007-ci ildə təsdiqlənən Milli Təhlükəsizlik Strategiyası ölkənin təhlükəsizlik siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən mühüm sənədlərdir. Bu sənədlər regional və qlobal çağırışlara adekvat cavab verən, siyasi, hərbi, iqtisadi və informasiya təhlükəsizliyini əhatə edən kompleks yanaşmanı özündə birləşdirir.
Görüş mövzu ilə bağlı sualların cavablandırılması ilə başa çatıb.
Tehsil-press.az










