UNEC ilə “Kapital Bank” arasında yeni memorandum imzalanıb

UNEC ilə “Kapital Bank” arasında yeni memorandum imzalanıb Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Kapital Bank” arasında əməkdaşlığın yeni istiqamətləri üzrə memorandumun imzalanması mərasimi keçirilib.
Rektor Ədalət Muradov İqtisad Universitetinin “Kapital Bank”la uzun müddətdir davam edən sıx əməkdaşlığından və bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb. Real sektorla əməkdaşlıqda yeni yanaşmaların zəruriliyindən söz açan Ə.Muradov tələbələrdə bilik və bacarıqlar formalaşdıran ixtisaslar üzrə praktiki dərslərin real sektorda həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Rektor UNEC-in Bloomberq laboratoriyasının maliyyə imkanlarının, eləcə də Ömürboyu Təhsil Mərkəzinin təşkil etdiyi yumşaq bacarıqlar üzrə təlimlərin bank üçün faydalı ola biləcəyini deyib.
“Kapital Bank”ın İdarə Heyətinin sədri, baş icraçı direktor Fərid Hüseynov bakalavr, magistr və dissertant kimi təhsil aldığı universitetdə tərəfdaş qismində iştirak etməyin qürurverici olduğunu bildirib. “Kapital Bank”ın 5026 əməkdaşından 1500-ə yaxınının UNEC məzunu olduğunu deyən F.Hüseynov onlardan 142 nəfərin rəhbər vəzifədə çalışdığını diqqətə çatdırıb.
Sonra Təcrübənin təşkili şöbəsinin müdiri Leyla Nəzirzadə UNEC ilə “Kapital Bank” arasındakı mövcud vəziyyət və gələcək perspektivlər barədə təqdimatla çıxış edib.
UNEC ilə “Kapital Bank” arasında əməkdaşlığın yeni istiqamətləri üzrə təkliflər səsləndirildikdən sonra tərəflər arasında memorandum imzalanıb.
Tədbirdə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev Fərid Hüseynovun tələbəlik dövründən danışıb. Onun daim öz üzərində çalışan və fəal tələbələrdən olduğunu bildirib.
Rektor F.Hüseynovun UNEC-in qürur duyduğu məzunlarından olduğunu deyərək, ona “Fəxri məzun” plaketini və “Məzun kartı”nı təqdim edib.

Tehsil-press.az


Oxşar xəbərlər