UNEC ilə “PAŞA Həyat Sığorta” arasında memorandum imzalanıb

UNEC ilə “PAŞA Həyat Sığorta” arasında memorandum imzalanıb Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “PAŞA Həyat Sığorta” ASC arasında gənclərin peşəkar inkişafına yönəldilmiş tədbirlərin təşkilinə dair əməkdaşlıq memorandumunun imzalanması məqsədilə tədbir keçirilib.
Rektor Ədalət Muradov tələbələrin praktiki bilik və bacarıqlarının artırılması məqsədilə UNEC-in real sektorla əlaqələrinin genişləndirilməsinin, eləcə də təhsil sektoru ilə əmək bazarı arasında münasibətlərin formalaşdırılmasının vacibliyini vurğulayıb.
Həmçinin rektor “UNEC Extern” mərkəzinin onlayn təhsil sistemindəki əhəmiyyətli rolundan danışıb. 50 hibrid laboratoriyanın uğurla fəaliyyət göstərdiyini və cari tədris ilində daha 50-nin istifadəyə veriləcəyini açıqlayıb. Rektor Ədalət Muradov “PAŞA Həyat Sığorta” ASC ilə əməkdaşlığın iki tərəf üçün faydalı olacağından əminliyini ifadə edib.
“PAŞA Həyat Sığorta” ASC-nin sədri Niyaz İsmayılov şirkətin fəaliyyətindən danışıb, məzunların məşğulluğunun təmin olunmasında ən dayanıqlı alətin təhsil olduğunu və ixtisasla yanaşı, praktiki bacarıqlara yiyələnməyin vacibiliyini vurğulayıb. UNEC məzunlarının öz bilik və bacarıqları ilə əmək bazarında layiqli yer tutduqlarını diqqətə çatdıran sədr, rəhbərlik etdiyi şirkətdə işçilərin böyük faizinin məhz bu ali təhsil müəssisəsinin məzunları olduğunu və hazırda UNEC tələbələrinin şirkətdəki “Data Science”, statistika və ekonometrika üzrə təcrübə proqramlarında fəal iştirak etdiyini bildirib. Niyaz İsmayılov qarşılıqlı əməkdaşlığın məzunların məşğulluğunun təmin olunmasına yeni töhfələr verəcəyini vurğulayıb.
Sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər arasında “UNEC məzunlarının məşğulluğu” layihəsinin həyata keçirilməsi, tələbə və məzunların sığorta sahəsində maarifləndirilməsi, sığorta sahəsində yeni ideyaların formalaşdırılması, müsabiqələrin və birgə layihələrin təşkili, tələbələrin təcrübə proqramlarına cəlb olunması və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər