Ötən il abituriyentlər daha çox hansı ali məktəblərə maraq göstəriblər

Ötən il abituriyentlər daha çox hansı ali məktəblərə maraq göstəriblər Müəyyən bir ixtisasın və həmin ixtisasın tədris olunduğu təhsil müəssisəsinin nüfuzundan asılı olaraq ixtisaslar üzrə müsabiqə vəziyyəti fərqli olur. Son illərdə abituriyentlər topladıqları balları öyrəndikdən sonra ixtisas seçirlər, beləliklə də böyük nüfuza malik olan ixtisasları öz ərizələrində yalnız yüksək bal toplamış abituriyentlər qeyd edirlər. Nəticədə, bu cür ixtisaslar üzrə müsabiqə vəziyyəti yüksək olduğu üçün keçid balları və orta ballar da yüksək olur.
Dövlət İmtahan Mərkəzinin 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallarında ayrı-ayrı ali təhsil müəssisələrinin ixtisaslarına qəbul olan abituriyentlərin qruplar üzrə orta bal göstəriciləri təqdim edilib. Qeyd edilib ki, I ixtisas qrupu üzrə Bakı Ali Neft Məktəbi (651.500), Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası (605.295), ADA Universiteti (594.426), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (586.576), II ixtisas qrupu üzrə ADA Universiteti (582.663), Bakı Ali Neft Məktəbi (524.058), III ixtisas qrupu üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası (566.323), ADA Universiteti (555.185), Milli Aviasiya Akademiyası (542.576), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (532.626), IV ixtisas qrupu üzrə isə Azərbaycan Tibb Universitetinin (603.874) ixtisaslarına qəbul olan abituriyentlərin orta bal göstəriciləri digər ali təhsil müəssisələri ilə müqayisədə daha yüksəkdir. Qeyd olunduğu kimi, yüksək hazırlıqlı abituriyentlərin Bakı Ali Neft Məktəbinə, Azərbaycan Tibb Universitetinə, ADA Universitetinə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına meyil və marağı böyük olub.

Tehsil-press.az


Oxşar xəbərlər