Maliyyə Nazirliyi büdcədən xərclənən vəsaitin hesabatını verdi

Maliyyə Nazirliyi büdcədən xərclənən vəsaitin hesabatını verdi Maliyyə Nazirliyi 2016-cı ilin birinci rübündə dövlət büdcəsinin icrasına dair hesabat açıqlayıb.

Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, bu ilin ilk 3 ayında dövlət büdcəsinin mədaxili 3678,1 milyon manat, xərcləri isə 2623,5 milyon manat olub. 1054,6 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.
2016-cı ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3570,6 milyon manat proqnoza qarşı 3678,1 milyon manat və yaxud 3 faiz çox olub. Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 101,4 faiz icra edilməklə dövlət büdcəsinə 1542,0 milyon manat vəsait təmin edilib. Həmin vəsaitin 78,5 faizi və yaxud 1210,7 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 9,0 faiz-bənd çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 47,5 milyon manat təşkil edib. Dövlət Neft Fondundan dövlət büdcəsinə 1660,0 milyon manat vəsait transfert edilib.
Dövlət büdcəsinin xərcləri isə belə olub: 2016-cı ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 73,3 faiz və yaxud 2 623,5 milyon manat icra olunub. İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 54,4 faizi və yaxud 1426,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çoxdur. Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə, yenidən qurulmasına 16,0 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 153,4 milyon manat yönəldilib.

tehsil-press.az