Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndə heyəti ADNSU-da

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndə heyəti ADNSU-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi dosent Vazeh Əskərovun Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Görüşdə universitetlə agentliyin əməkdaşlıq etməsi istiqamətində perspektiv məsələlər müzakirə olunub, tədris, təlim və elmi-tədqiqat sahələrində fəal əlaqələr yaratmaq və inkişaf etdirməklə bağlı fikir mübadiləsi aparılıb.
V.Əskərov ADNSU-da tədris prosesi, universitetin beynəlxalq əlaqələri, ikili diplom proqramları, o cümlədən ADNSU-nun Vorvik Universiteti ilə birgə bərpa olunan enerji mənbələri ixtisası üzrə ikili diplom proqramı haqqında danışıb.
Eyni zamanda, bərpa olunan enerjinin Vorvik Universiteti ilə İkili diplom çərçivəsində tədris məqsədilə ADNSU-da yaradılacaq “Renewable energy didactic laboratory” layihəsi barədə məlumat verilib və qeyd olunub ki, layihənin məqsədi enerji keçidi prosesinə dəstək verməkdir. Bununla bağlı hədəf ölkənin təhsil sisteminə dəstək olmaq və yerli əmək bazarını bərpa olunan enerji sahəsində səriştəli işçi qüvvəsi ilə təmin etməkdir.
Müzakirələr zamanı tələbələrin bərpa olunan enerji texnologiyaları, prinsipləri və tətbiqləri haqqında hərtərəfli anlayışla təmin edilməsi, bərpa olunan enerji sistemlərinin praktiki sınaqları, dizaynı və təhlili vasitəsilə praktiki bacarıqların inkişafı, bərpa olunan enerji sahəsində tədqiqat və innovasiyaları təşviq etmək kimi vacib məsələlərdən bəhs olunub. Görüləcək işlərlə bağlı hədəflər müəyyən edilib.
Agentliyin nümayəndə heyəti ADNSU-nun və Azərbaycan-Fransız Universitetinin kompüter otaqları və laboratoriyaları ilə tanış olublar.

Tehsil-press.az


Oxşar xəbərlər