Musa Qasımlı: Laçın sərhəd-buraxılış məntəqəsində Ermənistanın başlatdığı kampaniya heç bir nəticə verməyəcək

Musa Qasımlı: Laçın sərhəd-buraxılış məntəqəsində Ermənistanın başlatdığı kampaniya heç bir nəticə verməyəcək Ermənistanla sərhəddə Həkəri çayının üstündə Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra ən böyük tarixi əhəmiyyət daşıyan bir işdir. Sərhəddə Azərbaycan dövlətinin nəzarət-buraxılış məntəqəsini qurması ölkəmizin daxili işidir, suveren hüququdur. Dünya birliyi tərəfindən tanınmış coğrafi siyasi sərhədləri daxilində hansı tədbirləri necə həyata keçirmək Azərbaycan dövlətinin müstəsna hüququdur, kimsə göstəriş, tövsiyə verə bilməz. Belə göstəriş və tövsiyələr anındaca rədd edilib və bundan sonra da rədd ediləcək. Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi ətrafında Ermənistanın başlatdığı kampaniya ucuz təbliğatdan başqa bir şey deyil, eyni zamanda, Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə etməkdir.
Bu fikirləri Milli Məclisin deputatı professor Musa Qasımlı söyləyib. O bildirib ki, Azərbaycan özünün daxili işlərinə Ermənistanın müdaxilə etməsinə heç bir zaman imkan verməyəcək və anındaca cavabını alacaq. “Humanitar fəlakət” ucuz təbliğatdan başqa bir şey deyil. Ermənistan Azərbaycan ərazisində yaşayan erməniləri girovluğunda saxlamamalıdır, Qarabağ iqtisadi rayonunda yaşamaqda davam edən ermənilər Ağdam-Xankəndi yolundan istifadə edə bilərlər. Hər hansı bir təşkilatda müzakirənin, başqa ölkələrin nümayəndələrinin səsləndirdikləri fikirlər gerçəklikdən uzaqdır, ermənipərəst mövqe daşıyır. Ona görə də belə müzakirələr və söylənmiş sözlər Azərbaycan dövləti üçün təyinedici və ya təsiredici ola bilməz. Ermənistanın bütün bu hərəkətlərinin arxasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesini uzatmaq, sülh sazişini imzalamama məqsədi dayanır.
“Amma Ermənistan anlamalıdır ki, onun Laçın sərhəd buraxılış-nəzarət məntəqəsi ətrafında qaldırdığı hay-küy heç bir nəticə verməyəcək. Hansısa ölkələr, şəxslər bəyanat verə bilərlər, amma onların bəyanatı əhəmiyyətsiz kağız parçasından başqa bir şey olmayacaq. Azərbaycan müstəqil xarici siyasət yürüdür. Kimsə ona hökm edə bilməz. Azərbaycan coğrafi siyasi sərhədləri daxilində hökmü verən Azərbaycan dövlətidir”, - deyə Musa Qasımlı qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər