Palçıq vulkanları yeni turizm zonaları ola bilər

Palçıq vulkanları yeni turizm zonaları ola bilər Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi palçıq vulkanları olan bəzi qoruqlara turistlərin səfərlərinin təşkil edilməsi imkanlarının yaradılması üçün təkliflər hazırlayıb. Nazirliyin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov Trend-ə bildirib ki, Azərbaycanda nadir palçıq vulkanları var.
M.Qəhrəmanov deyib ki, dünyada olan palçıq vulkanlarının 50 faizi Azərbaycandadır: "Bu, turizm üçün bir seqmentdir. Düzdür, bu sahədə müəyyən problemlər var, çünki palçıq vulkanları olan ərazilər qoruq elan edilib. Qanunvericliə görə də qoruqlara giriş qeyri-qanunidir. Lakin biz bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təkliflərimizi vermişik ki, bəzi palçıq vulkanları olan qoruqlara turistlərin səfərlərinin istisna hal kimi təşkilinin mümkünlüyünün qanunvericlikdə qeyd edilməsi üçün razılıq əldə olunsun".
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev Trend-ə deyib ki, Azərbaycanda 2 vulkan çox nadir hallarda rast gəlinən vulkanlardan sayılır: "Həmin vulkanlar Qobustandakı "Qoturdağ" və "Çeyildağ" vulkanlarıdır. Bakıdan 50 km qərbdə yerləşən "Çeyildağ" vulkanı uzun müddət ərzində tədricən püskürərək günbəzşəkilli brekçiya qatı əmələ gətirir. "Qoturdağ"da isə suxur daim sıxılır. Ona oxşar vulkan Rusiyada var. Digər ölkələrdə belə vulkan yoxdur. Ona görə də Azərbaycana gələn turistlər üçün belə vulkanlar maraqlıdır. Vulkanların sayına, müxtəlifliyinə və aktiv fəaliyyətinə görə dünyada Azərbaycan ərazisinə oxşar ərazi yoxdur. Palçıq vulkanları ekoturizmin inkişafı üçün yaxşı obyektlər hesab edilir: Xaricdən gələn turistlər vulkanlarla maraqlanırlar. Bəzi turistlər vulkanlara müalicə olunmaq məqsədilə gedirlər. Əgər bu işlə məşğul olunsa, bu, respublikaya valyuta gətirəcək".

tehsil-press.az

Oxşar xəbərlər