AzMİU tələbələri Türkiyədə keçirilən beynəlxalq tədbirdə ölkəmizi təmsil ediblər

AzMİU tələbələri Türkiyədə keçirilən beynəlxalq tədbirdə ölkəmizi təmsil ediblər Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTU) Beynəlxalq əlaqələr ofisi tərəfindən Erasmus+ günləri çərçivəsində Beynəlxalq Mədəniyyət Festivalı keçirilib. Dünyanın müxtəlif ölkələrindən mübadilə proqramları ilə gələn tələbələr festivalda öz mədəniyyətlərini, adət-ənənələrini tanıtmaq şansı qazanıblar.
Festivalda Azərbaycanı 2023-2024-cü tədris ilinin payız semestrində ODTU-da təhsil almaq şansı qazanmış Memarlıq fakültəsinin tələbələri Səbilə Zeynallı və Nigar Yaşar təmsil ediblər.
Ölkəmizə aid stenddə Azərbaycanın tarixinə, mədəniyyətinə, incəsənətinə, memarlıq abidələrinə dair nəşrlər, “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullar, suvenirlər və geyimlər, milli mətbəximizdən təamlar nümayiş etdirilib. Guşəni ziyarət edənlərə Azərbaycanın milli mətbəxinə aid olan dolma, plov, paxlava və digər nemətlər təqdim olunub. İştirakçılara milli sərvətlərimiz, mədəniyyət, incəsənət və mətbəx nümunələrimiz barədə ətraflı məlumat verilib.
Festivalın gedişində müxtəlif ölkələrdən gələn əcnəbi tələbələr rəqslər ifa edib, şeirlər söyləyiblər.
Qeyd edək ki, ikili diplom proqramı çərçivəsində 2 tələbə cari tədris ilində ODTU-da təhsil almaq şansı qazanıb.

Tehsil-press.az



Oxşar xəbərlər