Dekabrın 13-ü akademik Nərgiz Paşayevanın doğum günüdür
Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru akademik Nərgiz Paşayeva Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin inkişafına böyük töhfələr verir, mənsub olduğu Mir Cəlal Paşayev və Nəsir İmanquliyev ocağının ənənələrini layiqincə davam etdirir.
Azərbaycan elmi elitasının görkəmli nümayəndələrindən biri olan akademik Nərgiz Paşayevanın doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salaq.
“Ot kökü üstə bitər”- deyərlər. Mir Cəlal ocağının bütün nümayəndələrinə xas olan zəhmətsevərlik, yorulmadan, əzmlə çalışmaq kimi xüsusiyyətləri hələ tələbə olarkən müəllimləri Nərgiz xanımda da müşahidə edirdilər. Ona görə də Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) fərqlənmə diplomu ilə bitirdiyi 1983-cü ildən onu bu ali təhsil ocağında dərs demək üçün saxladılar. Artıq 26 yaşında elmlər namizədi idi. “Sabirin novatorluğu” adlı dissertasiya işini vaxtından əvvəl tamamlamış və müvəffəqiyyətlə müdafiə etmişdi.
Çıxışlarından birində söylədiyi kimi, tale onu üç universitetə bağlayıb: Bakı Dövlət Universiteti – Azərbaycanın qürur mənbəyi, ilk ali təhsil ocağı, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və Oksford Universiteti.
Nərgiz Paşayeva 1987-ci ilin mart ayından Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında assistent, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.
2004-cü ildə “Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, 2005-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsinə və professor elmi adına layiq görülüb. 2006–2008-ci illərdə Bakı Dövlət Universitetində beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləyib, eyni zamanda, Dissertasiya Şurasına rəhbərlik edib.
2008-ci ildən M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının fəaliyyətə başlaması Azərbaycanın təhsil sistemində əlamətdar hadisə oldu. Akademik Nərgiz Paşayevanın rəhbərlik etdiyi MDU-nun Bakı filialı çox keçmədi ki, Xocasən kampusunda 47-ci Beynəlxalq Kimya Olimpiadasına (2015) yüksək səviyyədə ev sahibliyi etdi. Artıq 15 ildir ki, bu təhsil ocağı müasir dövrün tələblərinə cavab verən, elmi və yaradıcı təfəkkürü ilə fərqlənən mütəxəssislər yetişdirir.
2013-cü ildə Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi isə akademik Nərgiz Paşayevanın gərgin zəhməti sayəsində yaradılıb. Mərkəz Azərbaycanın və onun yerləşdiyi Qafqaz regionunun tarixi və mədəniyyətinin öyrənilməsi üzrə Böyük Britaniyada Oksford Universitetində ölkəmizin təmsil olunduğu ilk elmi-tədqiqat ocağıdır. Akademik Nərgiz Paşayevanın Nizami Gəncəvi Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, eyni zamanda, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri kimi həyata keçirdiyi layihələr milli elmimizin, tariximizin dünyada təbliğində mühüm rol oynayır.
Görkəmli alim Nərgiz Paşayevanın elmi, elmi-təşkilati və ictimai fəaliyyəti öz miqyasına görə Azərbaycanın hüdudlarını aşır. Bunun nəticəsidir ki, Nərgiz xanım Rusiya Federasiyasının ali dövlət mükafatı olan “Dostluq” ordeni, Macarıstanın dövlət mükafatı olan “Xidmətlərə görə” Komandor xaç ordeni, Fransanın zabit dərəcəli “Akademik Palma” ordeni və digər ölkələrin orden və medalları ilə təltif edilib. Nərgiz xanım 2015-ci ildən M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professorudur. Qürurverici haldır ki, dünyanın görkəmli elm, siyasət və dövlət xadimlərinə, Nobel mükafatı laureatlarına, filosoflara, beynəlxalq aləmdə elmi, təhsili, xalqlar arasında dostluğu dəstəkləyən, bu istiqamətdə mühüm fəaliyyətlər həyata keçirən nüfuzlu şəxsiyyətlərə verilən bu ada Nərgiz xanım Paşayeva da layiq görülüb.
Filoloq-alim Nərgiz xanım Paşayevanın rəhbərliyi ilə həyata keçirilən layihələr Azərbaycanın mədəni həyatında da mühüm yer tutur. Onun müəllifi və rəhbəri olduğu “ÜNS yaradıcılıq səhnəsi” teatrı ölkəmizin mədəni həyatına yeni ab-hava gətirib. Burada təqdim olunan tamaşalar, keçirilən tədbirlər ümumbəşəri dəyərləri, mədəniyyətlərarası dialoqu təbliğ etmək baxımından mühüm hadisə kimi dəyərləndirilə bilər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Nərgiz Paşayeva 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2022-ci ildə “Şərəf” ordeni ilə təltif olunub.
Nərgiz xanımı doğum günü münasibətilə Tehsil-press.az-in kollektivi adından təbrik edir, Azərbaycan elminin inkişafı naminə yorulmaz fəaliyyətində uğurlar arzulayırıq.