Günəşdə güclü alışma baş verib

Günəşdə güclü alışma baş verib Dekabr ayının 14-də saat 21:02-də Günəşdə 3514 oblastında X2.87 sinifli alışma baş verib.
Bu barədə Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Alışmalar Günəş fəallığının əsas elementidir və A, B, C, M və X sinif alışmalar kimi təsnifləşdirilib. X sinif alışmalar ən güclü alışmalardır. Sonuncu belə alışma isə 2017-ci ildə baş verib.
Alışmalar bəzən tac kütlə atılmaları (TKA) ilə müşayiət olunur. Adətən tac kütlə atılmalarının yaratdığı Günəş küləyi Yerə ortalama olaraq 48-72 saat ərzində çatır. Birbaşa Günəş Yer xətti üzərində (mərkəzi meridianda) çox güclü alışma baş verərsə, Yerə təsiri daha tez çatır və daha intensiv olur. Son alışma isə Günəş diskinin qərb kənarına yaxın baş verib ki, bu da onun Yerə təsirini zəiflədir.
Alışma səbəbli püskürülən TKA ~1900 km/san sürətlə Yerə doğru hərəkət edir və Yerə təsir edəcək komponentə malikdirsə, o zaman dekabrın 16-17-də Günəş küləyinin təsiri ilə G3 səviyyəli (güclü) geomaqnit qasırğası baş verə bilər.
Dekabrın 11-də baş vermiş TKA və Tac dəliyindən çıxan Zərrəcik Selinin təsiri ilə bu gün G1 səviyyəli (zəif) geomaqnit qasırğası gözlənilir.

Tehsil-press.az





Oxşar xəbərlər