BŞTİ-nin sektor müdiri: Təhsil müəssisələrində istiliklə bağlı ciddi problemlər yaşanmır

BŞTİ-nin sektor müdiri: Təhsil müəssisələrində istiliklə bağlı ciddi problemlər yaşanmır Bakı şəhərindəki təhsil müəssisələrinin istiliklə təchiz edilməsi havaların soyuması ilə daha da aktuallaşıb, məktəblərin istiliklə təminatına diqqət artırılıb.
Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Səccət Mahmudov söyləyib. O bildirib ki, təhsil müəssisələrinin mövsümə hazırlığı ilə əlaqədar BŞTİ tərəfindən sentyabr ayında “Azəristiliktəchizat” ASC, “Azəriqaz” İstehsalat Birliyi və “Azərsu” ASC-nin nümayəndələrinin iştirakı ilə görüşlər keçirilib. Səccət Mahmudov BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində ocaqçı vəzifəsində çalışan işçilər üçün təlimlərin təşkil olunduğunu diqqətə çatdırıb.
“Təhsil müəssisələrinin istiliklə təminatı məsələsində qarşıya çıxan məsələlərin operativ həlli üçün BŞTİ tərəfindən zəruri işlər görülür. Hər il olduğu kimi, bu tədris ilində də məktəb və bağçaların istiliklə təmin olunmasının normal təşkili üçün sentyabr-oktyabr aylarında monitorinqlər aparılıb. Monitorinqlər nəticəsində problemlərin aşkar olunduğu məktəb və bağçalarda təmir-bərpa işləri aparılıb. Gündəlik yarana bilən zəruri ehtiyacların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlarla birgə operativ tədbirlər görülüb, təhsilin fasiləsizliyinə və səmərəli tədris mühitinin təmin olunmasına xüsusi diqqət yetirilib. Hazırda təhsil müəssisələrinin istilik təminatı ilə bağlı həyata keçirilən kompleks tədbirlər nəticəsində istiliklə bağlı elə bir ciddi problem yaşanmır”, - deyə sektor müdiri bildirib.
Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrindən 248-i “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 428-i isə fərdi qazanxana vasitəsilə istiliklə təchiz edilir.

Tehsil-press.az



Oxşar xəbərlər