Təhsil eksperti: “Bir çoxları müəllim peşəsinə repetitorluğa görə gəlirlər”

Təhsil eksperti: “Bir çoxları müəllim peşəsinə repetitorluğa görə gəlirlər” “Reallıq ondan ibarətdir ki, bu gün repetitorluq bizim həyatımıza çox yansıyıb. Müəllimlər istənilən halda repetitorluqla məşğul olurlar”.

Bu barədə danışan təhsil sahəsi üzrə ekspert Elşən Qafarov müəllimin öz dərs dediyi şagirdlə əlavə olaraq ödəniş müqabilində məşğul olmasını qeyri-etik hal kimi qiymətləndirib:

“Amma müqayisə aparaq, bir müəllim dərs dediyi uşaqlara bunun qeyri-etik olduğunu deyib, onlara başqa müəllimin yanına getmələrini tövsiyə edir. O, digər müəllimin dərs dediyi uşaqların bunun yanına gəlməli olduğunu bildirir. Bu gün cəmiyyət, təbii ki, buna hazır deyil. İnsanlar deyəcək ki, əgər müəllimin dərs dediyi uşaq öz yanına getmirsə, mənim uşağım niyə onun yanına hazırlığa getsin? Cəmiyyət artıq özü bu kimi məsələləri tənzimləyir”.

Ekspert hesab edir ki, bu məsələ yaxın gələcək üçün həlledilməz olaraq qalacaq:
“Bu məsələ bir neçə ilə aradan qaldırıla bilməyəcək, mümkün deyil. Aradan qaldırmaq üçün beyinləri dəyişmək lazımdır. Bunu da edə bilmirik. Hətta bir neçə on illiyə də bunu dəyişə bilməyəcəyik. Reallıq ondan ibarətdir ki, bu gün repetitorluq bizim həyatımıza kifayət qədər yansıyıb. Müəllimlər istənilən halda repetitorluqla məşğul olurlar. Bir çoxları da müəllim peşəsinə repetitorluğa görə gəlirlər.

Cəmiyyət elə bir baxışdadır ki, öz dərs dediyi uşaqla əlavə məşğul olmayan, repetitorluq etməyən müəllimə ciddi müəllim kimi baxmır. Fikirləşirlər ki, yaxşı müəllim olsa, öz dərs dediyi uşaqlar onun yanına gedər. Məsələ bu yerdədir. Fikir doğru olsa da bunu indiki halda aradan qaldırmaq qeyri-mümkündür. Bunun üçün cəmiyyətin baxışı dəyişməlidir”.

Qeyd edək ki, Fevral ayının 29-da mətbuat nümayəndələri üçün brifinq keçirən Elm və Təhsil naziri Emin Əmrullayev repetitorluq məsələsinə də toxunub. O bildirib ki, müəllim öz sinfində olan, özünün dərs dediyi şagirdlə pulla əlavə məşğul olmamalıdır.

Tehsil-press.az

Oxşar xəbərlər