Görkəmli alim, jurnalist, müəllim

Görkəmli alim, jurnalist, müəllim Dekabrın 17-si görkəmli alim, pedaqoq, jurnalist, mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun doğum günüdür
Şərəfli ömür yolu keçmiş professor Şirməmməd Hüseynov elm və təhsilimizə dəyərli töhfələr verib.
Bakı Dövlət Universitetinin (BDU) Milli mətbuat tarixi kafedrasının müəllimi Samir Mirzəyevin professor Şirməmməd Hüseynov ilə bağlı xatirə və təəssüratlarını təqdim edirik.
“Dünyaca məşhur şəxsiyyətlər müəllim haqqında bir-birindən dəyərli, aforizmə çevrilmiş fikirlər səsləndiriblər. Onu şama bənzədib, “özünü əritməklə başqalarına işıq verən” (M.K.Atatürk), “bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərən” (Aristotel), “əbədiyyətə hökm edən adam” (H.B.Adams) kimi xarakterizə ediblər. Bu fikirlər heçdən yaranmayıb, illər, əsrlər keçdikcə özünü təsdiqləyib.
Müəllim – öyrədən deməkdir. Amma hər öyrədənə də müəllim demək olmaz. Həqiqi müəllim o şəxsdir ki, onun öyrətdikləri öyrənənlər üçün həyat kredosuna çevrilə bilir. Şirməmməd Hüseynov bu mənada, həqiqi öyrədən, həqiqi müəllimdir. Dərs deyib-deməməyindən asılı olmayaraq, çoxlarının ona “Müəllim” kimi xitab etməsi bunun bariz nümunəsidir.
Bəs Şirməmməd Hüseynovu müəllim kimi sevdirən, başqalarından fərqləndirən nə idi? Əgər bu sualla ondan dərs almış şəxslərə yaxınlaşsaq, yəqin ki, oxşar cavablar alarıq. Məncə, burada ilk olaraq onun müəllim kimi novatorluğunu göstərərdilər. Müəllimlik fəaliyyətinin bütün dövrlərində, istər sovet, istərsə sonrakı dövrdə o, auditoriyalarda hər zaman yenilikçi ruhu ilə seçilib. Oxuduğu mühazirələr, dərs zamanı etdiyi maraqlı və bəzən mövzudankənar, heç bir kitabda olmayan söhbətlər dinləyicidə dərin təsir buraxıb. Xüsusi mimika və jestlər, danışıq əsnasında tez-tez işlətdiyi “Bildin də nə deyirəm?” cümləsi onun mühazirələrinə əlavə güc və şirinlik qatırdı.
Şirməmməd müəllim müasir dövrün tələbləri, yeni çağırışlarla da ayaqlaşmağı bacarırdı. Dövrümüz informasiya dövrüdür. Texnologiyaların sürətlə inkişaf etdiyi belə bir dövrdə auditoriyanı maraqlandırmaq, onda elmə, biliyə, jurnalist peşəsinə həvəs oyatmaq elə də asan məsələ deyil. Bunun üçün yeniliklərə açıq olmaq, öyrənməkdən çəkinməmək, həm də ixtisasla bağlı dərin biliyə malik olmaq lazım gəlir. Sadalanan xüsusiyyətlərin hamısının və daha çoxunun Şirməmməd Hüseynovda olması yuxarıdakı sualın növbəti cavabıdır. Cavabları çoxaltmaq olar, çünki Şirməmməd müəllimin məziyyətləri çoxdur.
Mən Şirməmməd müəllimi həm də həyat müəllimi hesab edirəm. Onu yaxından tanıyan, tez-tez ünsiyyətdə olan bir şəxs kimi onun davranışını, hər bir hərəkətini auditoriyadankənar bir dərs hesab edirəm. Qeyd edim ki, onunla Bakıdakı bütün arxivlərin “tozunu udmuşuq”, yol yoldaşı olmuşuq, hətta yeməyimizi belə bölüşmüşük. Bunların hər birində ondan nələrsə öyrənmişəm: az danışıb çox iş görmək, piyada gəzməyə üstünlük vermək, hər yarım saatlıq iş prosesindən sonra fasilə vermək, gözləri yormamaq üçün yaşıllığa baxmaq və s. Amma əsas öyrəndiyim elmə, tədqiqatçılığa həvəs, müəllim peşəsinə sevgi olub. Ondan öyrəndiklərim həmişə köməyimə gəlib. Bunun faydasını hər hansı bir tədqiqat işi ilə məşğul olarkən də görmüşəm, fakültədə bir sıra fənlərin tədrisində də.
Bu gün professor Şirməmməd Hüseynovun doğum günüdür. Artıq dördüncü ildir ki, bu günü onsuz qeyd edirik. Amma bir təsəllimiz var ki, cismən olmasa da, fikir və ideyaları ilə daim bizimlədir.
Mobil telefonumda çox sayda müəllim nömrəsi var. Onların hər birinin əvvəlcə adını, sonra isə müəllim sözünü yazmışam. Yeganə Şirməmməd müəllimdir ki, onu Müəllim deyə qeyd etmişəm. Həmin nömrə hələ də telefonumdadır. Fəxr edirəm ki, o, mənim müəllimim olub və bu gün də müəllimimdir”.

Tehsil-press.az


Oxşar xəbərlər