Ali məktəblərə keçid balları kəskin ARTACAQ

Ali məktəblərə keçid balları kəskin ARTACAQ Avqustun 9-dan etibarən ali təhsil müəssisələrinə ixtisas seçimi mərhələsi başlanır.

Maraqlıdır, ixtisas seçimi zamanı hər il təkrarlanan, ən çox edilən səhvlər nələrdir? Abituriyentlər hansı nüanslara diqqət etməlidirlər?

Mövzu ilə əlaqədar təhsil eksperti Ramin Nurəliyev AzEdu.az-a müsahibə verib.

Ekspert bildirib ki, abituriyentlərin ən çox etdikləri səhvlər elektron ərizələrini təsdiq etməmələridir:

“Dövlət İmtahan Mərkəzi ixtisas seçimini hər il elektron sistem üzərindən aparır. Abituriyentlər də seçim zamanı ixtisasları kodları ilə sistemə daxil etməlidirlər. Təcrübə zamanı müşahidə edirik ki, bəziləri məlumatları elektron sistemə daxil edib, yadda saxlasalar da, təsdiq etmirlər. Buna görə də DİM həmin nəticələri qiymətləndirmir. Sonra isə abituriyentlər ciddi peşmanlıqla üzləşirlər.

İxtisas seçimi edən abituriyentlərə tövsiyəmiz ondan ibarətdir ki, elektron sistemə ixtisasları əlavə etdikdən sonra yadda saxlayıb, təsdiq et düyməsini bassınlar. Sonrakı mərhələdə isə istəyə uyğun ixtisas seçimi edilmiş səhifənin çıxarışını əldə etmək olar.

Seçimlər zamanı edilən digər səhv isə keçənilki ballarla bağlı olur. Əvvəlki ballar həmin ildə qəbul olunan abituriyentlərin nəticələri əsasında müəyyənləşir, builki ballar isə cari ildəki abituriyentlərin nəticələrinə əsasən formalaşacaq. Ona görə də abituriyent keçən illə bu ilin müqayisəsini etmədən, statistikanı aydınlaşdırmadan ixtisas seçimi edəndə böyük uğursuzluqla nəticələnir.

Abituriyentlərə tövsiyə edilir ki, statistikanı, eləcə də öz ballarını analiz edərək seçim etsinlər. Ola bilər ki, ötən illə müqayisədə bu il ballarda artım və ya azalma müşahidə olunsun. Bu analiz olmadan ixtisas seçimi qəti şəkildə edilməməlidir. Əgər şəxs özü analiz edə bilmirsə, o halda mütəxəssisə müraciət edə bilər. Çünki ixtisas seçimi abituriyentin il boyu çəkdiyi zəhmətin müqabilində doğru aparılmalıdır. Düzgün seçim aparılmadığı təqdirdə bütün əziyyətlər məhv ola bilir”.

R.Nurəliyev qeyd edib ki, bu il müəyyən ixtisas qrupları üzrə ballarda ciddi artım müşahidə olunacaq:

“Builki keçid ballarında ehtimal olunur ki, artım olacaq. Xüsusən də I və III ixtisas qruplarında ciddi artımlar olacaq. Polis Akademiyasının balı (rəsmi açıqlama olmasa da) 451.9 bal formalaşdırılıb. Keçən il akademiyaya 300 plan yeri ayrılmışdı və ballar 439 idi. Bu il 500 plan yeri ayrılsa da, balın artdığını görürük. Bu, o deməkdir ki, ayrılan plan yerinə nisbətən balların artması, III ixtisas qrupunda abituriyentlərin yüksək nəticə göstərməsinin nəticəsidir. Ona görə də gözlənilir ki, bu il III ixtisas qrupunda ballarda ciddi artım olsun. Abituriyentlər xüsusən bu ixtisas qrupunda seçim edərkən təkcə ötən ilin ballarına baxsalar, uğursuz nəticə əldə edə bilərlər.

Universitetə qəbul olmaq istəyən namizədlər təəssüf ki, hər il ixtisas üzrə ayrılmış plan yerlərinə diqqət etmirlər. Ayrılmış yerlər hər il tələbatlara uyğun olaraq dəyişir. Plan yerlərini, dövlət sifarişi və ödənişli əsaslarla olmaqla, ayrı-ayrılıqda analiz edərək ixtisas seçimi etmək doğrudur.

Bundan başqa II ixtisas qrupunda, xüsusən də, blok imtahanından 100 bal limitini keçməyən, 150 ballıq ixtisasları seçmə hüququna malik abituriyentlər arasında da rəqabət güclənəcək.

IV qrupda, xüsusən Azərbaycan Tibb Universitetindəki ixtisasların ballarında da artımlar olacaq. Çünki keçən il ATU-da ballar enmişdi. Bu il isə əksinə olacağı gözlənilir.

O cümlədən, V ixtisas qrupunda da ballar artacaq. Həmçinin, kolleclərə seçim edən abituriyentlər diqqətli olmalıdırlar. Çünki kollec seçimlərində də buraxılış nəticələri üstünlük təşkil edir. Buna səbəb isə buraxılış imtahanının nəticələrinin yüksək olması oldu”.

Tehsil-press.az

Oxşar xəbərlər