Rayona fayda verə bilməyən sabiq icra başçısı millətə necə vəkillik edəcək?

Rayona fayda verə bilməyən sabiq icra başçısı millətə necə vəkillik edəcək? 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Nəsimi rayonunun icra başçısı Asif Əsgərov da iştirak edəcək. Onun namizədliyi 112 saylı Zaqatala seçki dairəsindən irəli sürülüb.

Sfera.az xatırladır ki, A.Əsgərov Azərbaycanda uzun müddət icra başçısı vəzifəsində çalışan şəxslərdən biridir. Əsgərov 2006-2009-cu illərdə Zaqatala və 2009-2015-ci illərdə Bakı şəhər Səbail rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2015-ci ildən isə o, Bakı şəhəri Nəsimi rayon icra hakimiyyətinin başçısıdır. Əsgərovun deputatlığa namizədliyi qeydə alındığından hazırda seçkiqabağı təşviqatla əlaqədar icra başçısı səlahiyyətlərini icra etmir.

Əsgərov icra başçısı kimi fəaliyyətinə artıq 18 ildir ki, davam edir. Bu müddətdə onun fəaliyyətində müsbət mənada yadda qalan faktlar az olub. Əsgərov daha çox korrupsiyalaşmış, vəzifəsindən öz fərdi məqsədləri üçün istifadə edən şəxs kimi yadda qalıb. İcra başçısı olduğu dövrdə onun fəaliyyəti çox tənqid edilib, Əsgərovun rəhbərliyi həm rayon sakinləri tərəfindən, həm də media orqanlarında tənqidi qiymətləndirilib.

A.Əsgərov oğlu İlham Əsgərli ilə də tez-tez gündəmə gəlib. Oğlu intizamsız hərəkətlərinə, cinayət əməllərinə görə də dəfələrlə xatırlanıb.

2014-cü il sentyabrın 27-də məhz İ.Əsgərlinin idarə etdiyi "Mercedes S 500” markalı avtomobilin Türkan-Zığ yolunda qəza törətməsi nəticəsində "McDonalds Azərbaycan”ın rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyev dünyasını dəyişmişdi.

Həmin dövrdə məhkəmə araşdırması zamanı aydın oldu ki, A.Əsgərovun oğlu avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib. Hadisə ilə əlaqədar İ.Əsgərli məsuliyyətə cəlb olundu və o, üç il müddətinə azadlıqdan məhrum edildi, lakin İ.Əsgərli cəmi 6 ay sonra azadlığa çıxa bildi.

A.Əsgərov təkcə oğlu ilə gündəmə gəlməyib. İcra başçısının adı rəhbər olduğu rayonlarda yaşıllıqların məhv edilməsi, ağacların qırılması ilə də bağlı hallandırılıb, hətta başçını “yaşıl soyqrımı”da ittiham ediblər. İcra başçısı yaşıllıqları məhv edərək yerini bina tikənlərə, qaraj sahiblərinə satıb. Sakinlər dəfələrlə bu ağac qırğınına etiraz etsələr də, icra başçısı etirazlara məhəl qoymayıb.

A.Əsgərovun adı rüşvət qalmaqalında da hallanır. İcra başçısı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyevin Nəsimi rayonu ərazisində apardığı tikintinin hasarlarını sökdürüb. Sabiq komitə sədri isə mətbuata müsahibə verərək açıq şəkildə bəyan edib ki, icra başçısı ondan 300 min manat rüşvət istəyir.

İndi belə bir şəxs, siyasi reputasiyası müsbət olmayan icra başçısı parlamentə düşməyə, vaxtı ilə rəhbərlik etdiyi Zaqatala rayonunu Milli Məclisdə təmsil etməyə çalışır. Yerli icra orqanlarına uzun müddət rəhbərlik etdiyi dövrdə işi ilə özünü sevdirə bilməyən şəxsin millət vəkili kimi müsbət mənada fərqlənəcəyi inandırıcı deyil...

Tehsil-press.az

Oxşar xəbərlər