Yalan əqd nədir və əqdin yalan olmasını necə müəyyən etmək olar?

Yalan əqd nədir və əqdin yalan olmasını necə müəyyən etmək olar? Əqd nədir və onun yalan olmasını necə müəyyən etmək olar? Mövzunu e-huquq.az-a "Mirzayev and Partners Law Firm" hüquq şirkətinin hüquqşünası Osman Süleymanlı şərh edib:

Yalan əqd mövzusuna giriş etməzdən öncə “Əqd nədir?” sualına cavab verməliyik. İqtisadi dövriyyənin axımlılığını təmin etmək üçün ilkin və əsas hüquqi vasitə kimi tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada biləcək etibarlı əqdlər xüsusi rol oynayır. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır.

Etibarlı olmaq üçün əqd hansı tələblərə cavab verməlidir?

Əqdin etibarlı olması üçün tələb olunan elementlər nəzəriyyədə dörd qrupa ayrılır:

- subyekt tərkibinə dair şərtlər (tərəflərin iştirak etmə qabiliyyətinin olması);
- məzmununa dair şərtlər (məzmunun qanunvericiliyin tələblərinə cavab verməsi);
- tərəflərin iradəsinə dair şərtlər (əqddə iradə sərbəstliyi, iradənin ifadə oluması və müvafiqliyi);
- formaya dair şərtlər (əqdin hansı formada bağlanmalı olduğu).

Müqaviləni fərqləndirən başlıca xüsusiyyət isə razılıqdır - onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır.

Etibarsızlıq dedikdə nə anlaşılmalıdır və qanunvericilikdə əqdin etibarsızlığına necə anlayış verilmişdir?

Etibarsızlıq əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Tərəflərin həqiqi arzuları, niyyətləri ilə onların ifadə edilməsi arasında uyğunsuzluq əqdin etibarsız əqd hesab olunmasına gətirib çıxarır. Tərəfin iradəsi və iradə ifadəsinin arasında olan uyğunsuzluğu, iradə nöqsanlılığı anlayışından fərqləndirmək lazımdır. İradə nöqsanlılığının təzahür etdiyi hallarda iradə ifadəsi ilə iradə uyğun olsa da, tərəfin iradəsinin məzmunu onun həqiqi arzularını, niyyətlərini, məqsədlərini ifadə etmir. Aldatma, hədə, zorakılıq nəticəsində formalaşan əqdlər məhz iradə nöqsanlılığının təcəssümüdür. İradənin nöqsanlılığı da əqdin etibarsız sayılması üçün əsasdır.

“Yalan əqd” etibarsız əqdlərin bir növü kimi

Mülki Məcəllənin 340-cı maddəsinə əsasən yalan əqd etibarsız əqdlərin bir növü olub başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd onu bağlayan tərəflərin həqiqətən bağlamaq istədikləri digər bir əqdi pərdələyir, yəni görünüş üçün bağlanır. Tərəflərin həqiqi iradəsi “yalan iradənin” bünövrəsində ifadə olunur. Pərdələn əqd özü də etibarlı və ya etibarsız ola bilər. Belə ki, əksər hallar yalan əqd tərəflərin həyata keçirmək istədikləri qeyri-qanuni əməlləri müvafiq dövlət qurumlarından gizlətmək məqsədilə tərtib olunur. Xüsusilə vurğulanmalıdır ki, yalan əqdin mövcud olması üçün müqavilənin hər bir tərəfinin yalan əqdi bağlamaq barədə niyyəti olmalıdır. Bu məqamda qeyd etməliyik ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.

Bəs yalan əqdi müəyyən etmək üçün hansı elementlər mövcud olmalıdır?

1) Tərəflərin yalan əqd bağlamaq üçün iradələrinin ifadəsi və uyğunluğu
2) Əqdin müvafiq formada tərtib və təsdiq edilməsi
3) Əqd bağlandıqda tərəflərin ona uyğun hüquqi nəticələr yaratmaq niyyətlərinin olmaması
4) Əqdin yalnız görünüş üçün bağlanması
5) Başqa əqdi pərdələmək məqsədilə bağlanması

Nümunə: Arif və Vaqifin adlı iki qardaşın hər birinə ikidə bir hissə olmaqla eyni mənzilə mülkiyyət hüququ vardır. Arif özünə məxsus hissəni satmaq istədikdə, mütləq, birinci sırada üstünlük hüququ olan qardaşı Vaqifə təklif verməlidir. Lakin Arif öz hissəsini qardaşı Vaqifə deyil, Murad adlı dostuna satmaq niyyətindədir. Ona görə də Arif qeyd edilənlər barədə dostu Muradı və həyat yoldaşını məlumatlandırmaqla öz hissəsini həyat yoldaşına bağışlama müqavilə əsasında “bağışlayır” və həyat yoldaşının adından Murada satır. Bu nümunədə Bağışlama müqaviləsi alqı-satqı müqaviləsini pərdələmiş olur.

Yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələyirlər. Beləcə tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə digər bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər birinin qəsdi ilə əhatə olunur.Bu halda yalan əqd – “Bağışlama müqaviləsi” etibarsız hesab olunur və əgər pərdələnən əqd qanunun tələblərinə cavab verirsə bu halda həmin əqdi tənzimləyən normalar tərəflər arasındakı münasibətə tətbiq olunur. Bizim nümunəmizdəki kimi pərdələnən əqdin özü də qanunun tələblərini pozursa (Vaqifin üstünlük hüququnun pozulması) bu halda həmin əqd də etibarsız hesab olunacaqdır.

Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.

Tehsil-press.az

Oxşar xəbərlər