Bakı Marafonu 2016-ya start verilir

Bakı Marafonu 2016-ya start verilir Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonu 2016-ya start verilir.

Tehsil-press.az-ın məlumatına görə, Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometrdir və Bakı Olimpiya Stadionunda başa çatacaq. 21 km-lik məsafənin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilir.
Ümumilikdə, şəhər sakinlərinin, qonaqların qoşulduğu Bakı Marafonu 2016-da iştirak etmək üçün 3621 nəfər qeydiyyatdan keçib.
Marafonu davam etdirə bilməyənlər, iştirakçıları dəstəkləməyə gələnlər və digərlərini finiş xəttinə çatdırmaq üçün marşrut boyu avtobus dayanacaqları - Dövlət Xalça Muzeyinin qarşısında, "Boulevard Hotel"in, Heydər Əliyev Mərkəzinin yanında, "Koroğlu" metrostansiyası yaxınlığında və Böyük Şor Bulvarında - qurulub.
Marşrut boyu iştirakçılara yardım məntəqələri də fəaliyyət göstərir. Burada iştirakçılar su və ilkin tibbi yardımla təmin edilir, həmçinin yarış boyu iştirakçıları təcili tibbi yarım maşınları müşayiət edir.
Yarışın fan zonası da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada iştirakçıları müxtəlif əyləncə, konsert və digər şənliklər, oyunlar, lotereyalar və s. gözləyir.
Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.
Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

tehsil-press.az

Oxşar xəbərlər