
Bu barədə “Lenta.ru” yazıb.
FTX sabiq deputat İlya Ponomarev və bir neçə digər şəxsə qarşı hakimiyyətin zorakılıqla ələ keçirilməsi maddələri ilə cinayət işi açıb. İş üzrə təqsirləndirilən şəxslər hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə yanaşı, terrorçu birlik yaratmaq və orada iştirak etməkdə ittiham olunurlar.
İşin başlanmasında isə Ponomarevin 2022-ci ilin noyabrında Polşada “Xalq Deputatları Konqresi” siyasi hərəkatını yaratması və onun işinin təşkili barədə məlumatlar əsas götürülüb.
İstintaqa görə, hərəkatın məqsədi Rusiyanın konstitusiya quruluşunu zorakılıqla dəyişmək olub. 2022-ci ildən 2024-cü ilə qədər Ponomarev yeddi iclas keçirib və bu iclaslarda 30-dan çox konstitusiyaya zidd akt qəbul edilib.
FTX-nin Ponomarevin xaricdə gizlənən bütün tərəfdaşlarını müəyyən etdiyi məlum olub. Hazırda Rusiya Federasiyasının doqquz regionunda həmin şəxslərin evlərində axtarışlar aparılır.
Qeyd edək ki, bir il əvvəl FTX Ponomarevə qarşı dövlətə xəyanət, terror təşkilatında iştirak və açıq şəkildə terrora çağırış maddələri ilə bir neçə cinayət işi açıb. Daha sonra Rusiya İstintaq Komitəsi Ponomarevi beynəlxalq axtarışa verib. O, 2007 və 2011-ci illərdə "Ədalətli Rusiya" partiyasının siyahıları ilə iki dəfə Dövlət Dumasına deputat seçilib.
Tehsil-press.az