
Səfər çərçivəsində Qarabağ Universitetinin rektoru Şahin Bayramov universitetin ilk tədris ili və gələcək planları ilə bağlı açıqlama verib.
Rektorun sözlərinə görə, bu il Qarabağ Universitetinə birinci kursa 1150 tələbə qəbul edilib və qəbul planı tam dolub. Sevindirici haldır ki, universitetə yüksək bal toplayan gənclər daxil olub.
"Tələbələrimiz Azərbaycanın bütün bölgələrini təmsil edir. Universitetimiz ilk mərhələdə 6 fakültə ilə fəaliyyətə başlayıb: pedaqoji, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, incəsənət və turizm fakültələri. Gələcəkdə fakültə və ixtisasların sayını artırmağı planlaşdırırıq," — deyə Şahin Bayramov bildirib.
Rektor müəllim heyətinin də peşəkar olduğunu vurğulayıb:
"Ən müasir universitetlərdə təhsil almış, həmçinin xarici ölkələrdə elmi dərəcələrə yiyələnmiş gənc müəllim heyəti formalaşdırmışıq. Qarabağ Universitetinin Qarabağın adına layiq, müasir təhsil ocağı olması üçün çalışırıq."
Qarşıdakı hədəflərə toxunan rektor bildirib ki, universitet türk dünyasının, xüsusən də Türkiyənin nüfuzlu universitetləri ilə əməkdaşlığa başlayıb. Bununla yanaşı, elmi-tədqiqat işlərini gücləndirmək məqsədilə müasir laboratoriyaların qurulması prosesi davam edir.
Tehsil-press.az