BDU ilə Türkiyə universitetləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

BDU ilə Türkiyə universitetləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının nümayəndə heyəti ilə görüşüb.
Türkiyənin Tokat Qaziosmanpaşa Universitetinin rektoru professor Bünyamin Şahin, Beynəlxalq Balkan Universitetinin rektoru professor Mehmet Dursun Erdem, “Sıla” şirkətinin müdiri Harun Yurdakul və Türkiyənin Azərbaycandakı səfirliyinin ikinci katibi Gözde Çolakın iştirak etdikləri görüşdə BDU-nun rektoru Elçin Babayev Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin çox yüksək səviyyədə olduğunu vurğulayıb. 103 yaşlı BDU-nun Azərbaycanın ən böyük və ilk universiteti olduğunu qeyd edən Elçin Babayev bildirib ki, son zamanlar universitetin elektronlaşdırılması, elmi nəticələrin tətbiqi və kommersiyalaşdırılması istiqamətində böyük işlər görülür. BDU-nun strukturu barədə məlumat verən rektor qeyd edib ki, universitetdə elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir. BDU-da Fizika Problemləri və Tətbiqi Riyaziyyat elmi-tədqiqat institutları fəaliyyət göstərir. “BDU-da multidisiplinar elmlər üzrə institutların yaradılmasında da maraqlıyıq. BDU tədqiqat universiteti adını almağa hazırlaşır”, - deyə rektor bildirib.
E.Babayev Türkiyə universitetləri ilə əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu qeyd edib. “Türkiyə universitetləri ilə “Erasmus”, “Mövlanə” mübadilə proqramları çərçivəsində əməkdaşlığa, ikili diplom proqramlarına çox üstünlük veririk. Türkiyə universitetləri ilə birgə tədqiqatlar apara, akademik heyətin və tələbələrin mübadiləsini həyata keçirə bilərik”,- deyə rektor bildirib.
Elçin Babayev Beynəlxalq Balkan Universitetində Azərbaycan kafedrasının, Tokat Qaziosmanpaşa Universiteti ilə birgə ortaq elm-tədris qurumu yaradılmasını təklif edib.
Beynəlxalq Balkan Universitetinin rektoru professor Mehmet Dursun Erdem qeyd edib ki, Azərbaycanda 7-ci Sosial Elmlər Konqresi keçiriləcək. Konqresdə Türkiyədən, digər ölkələrdən, Avropadan, Orta Asiyadan alimlər iştirak edəcəklər. Azərbaycanın Vətən müharibəsində qazandığı Böyük Zəfərinin türk dünyasında sevinc yaşatdığını vurğulayan Mehmet Dursun Erdem Sosial Elmlər Konqresi çərçivəsində elmi müzakirələrlə yanaşı, Qarabağla bağlı həqiqətlərin də alimlərin diqqətinə çatdırılacağını vurğulayıb. O, BDU alimlərini konqresin işində fəal iştiraka dəvət edib.
Tokat Qaziosmanpaşa Universitetinin rektoru professor Bünyamin Şahin rəhbərlik etdiyi təhsil müəssisəsi barədə məlumat verib, BDU ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləyib.
Görüşdə qeyd edilən universitetlərlə əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər