TQDK mayın 15-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün qəbul imtahanı keçirəcəkdir

TQDK mayın 15-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün qəbul imtahanı keçirəcəkdir Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 15-də 2016/2017‑ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcəkdir.

İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 27 binada aparılacaq.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
İmtahanın gedişini işıqlandırmaq üçün 50-dək KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçmişdir.
Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 6-dan etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər:
şəxsiyyəti təsdiq edən sənədin əsli;
“İmtahana buraxılış vərəqəsi"

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
Məlumat üçün bildirək ki, imtahanda 14495 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 6859 abituriyent II qrup üzrə, 7636 abituriyent III qrup üzrə imtahan verəcəkdir.
Abituriyentlərdən 13598 nəfəri (II qrup üzrə 6394, III qrup üzrə 7204 nəfər) Azərbaycan bölməsinin, 897 nəfəri (II qrup üzrə 465 nəfər, III qrup üzrə 432 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 6097 nəfəri (II qrup üzrə 4129 nəfər, III qrup üzrə 1968 nəfər) oğlanlar, 8398 nəfəri (II qrup üzrə 2730 nəfər, III qrup üzrə 5668 nəfər) isə qızlardır. 12004 nəfər orta ümumtəhsil məktəblərinin, 246 nəfər ali təhsil müəssisələrinin, 2245 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 42 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1959-ci ildən, ən gənci isə 2000-ci ildəndir.
Bakı şəhərində 6392, Naxçıvanda 743, Gəncədə 1729, Sumqayıtda 730, Mingəçevirdə 646, Şəkidə 691, Ağcabədidə 711, Göyçayda 581, Şirvanda 515, Lənkəranda 1021, Xaçmazda isə 736 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahanların idarə olunmasına 111 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1263 nəzarətçi-müəllim cəlb olunacaqdır.


Tehsil-press.az

Oxşar xəbərlər