
O, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə baş prokurorun müavini – hərbi prokuror təyin olunub və bu günədək həmin vəzifədə xidmət göstərib.
Xanlar Vəliyev necə hərbi prokuror olub? Onu kim əvəz edə bilər?
Hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Xanlar Vəliyev yaşına görə çoxdan vəzifədən getməli idi:
“Amma xidmətdə qalmağın son yaşı ilə əlaqədar ona bir il əlavə vaxt verilmişdi. Bu səbəbdən vəzifəsini icra edirdi. Konstitusiya Məhkəməsinin hakimlərinin yaş həddinin 70-dən 75-ə qaldırılması məsələsi gündəmdədir. Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması mümkündür”.
Üzeyir Cəfərovun sözlərinə görə, Xanlar Vəliyevin hərbi prokuror kimi fəaliyyəti dövründə ciddi nöqsanlar olub:
“Təkcə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanacaq-sürtkü xidməti rəisinin ağır maddələrlə ittiham olunması, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktından sonra sərbəst buraxılması çox şeydən xəbər verir. Bildiyim bir neçə fakt var ki, bunlara görə Hərbi Prokurorluq birbaşa məsuliyyət daşıyır.
Onu kimin əvəz edəcəyini söyləmək çətindir. Bu seçim rəsmi şəxslər tərəfindən ediləcək. Hüquqşünaslar və hərbi sahəni bilən şəxslər bu vəzifəyə gətirilərsə, daha yaxşı olar. Kimin hansı vəzifəni tutmasından asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir və qanun qarşısında məsuliyyətini dərk etməlidir”.
Ekspert “Tərtər işi” məsələsini də xatırladıb:
“Tərtər işi” uzun illər müzakirə mövzusu olacaq. Son vaxtlar bu istiqamətdə əvvəllər buraxılmış səhvlərin düzəldilməsi prosesi həyata keçirilir. Üstündən onilliklər keçsə də, bu məsələ yenə gündəmə gələcək. Bu işin yaranma tarixi, aparılması, məhkəmələrdə əvvəlcə təsdiq edilməsi, bir neçə ildən sonra isə məhkum olunmuş şəxslərə bəraət verilməsi ilə bağlı çoxlu suallar ortaya çıxacaq. Bu sualların əksəriyyəti məhz Xanlar Vəliyevə ünvanlanacaq
Fikrimcə, Xanlar Vəliyev baş prokurorun müavini və hərbi prokuror olduğu müddətdə daha çox təbliğata işləyirdi. İllər keçdikcə onun necə bir hərbi prokuror olması haqqında yekun qənaət formalaşacaq”.
Tehsil-press.az