
Yaşasaydı,25 yaşını qeyd edəcəkdir.
Nağıyev Toğrul Həsənbala oğlu 8 iyun 2000-ci ildə Şəki şəhərində anadan olub. 2019-cu ildə atasını itirən Toğrul anasının yeganə balası idi. Ana bütün həyatını oğlundan güc alaraq, yaşayırdı.
Anası Nağıyeva Əntiqə Əhməd qızı: - Oğlum 2 saylı məktəbdə 9-cu sinfə qədər oxumuş, Şəki Dövlət Musiqi kollecini bitirmişdi. Onun gözəl musiqi duyumu var idi. Ancaq rəqslə məşğul olurdu. Pandemiya başlanandan onun işləri də çətinləşmişdi. Buna görə də, fəhləlik edir, evə çörək gətirirdi. Çox ünsiyyətcil, mehriban, gülərüz idi. Heç kimin xətrinə dəyməz, özündən böyüklərin sözlərini öyüd-nəsihət kimi qəbul edirdi. Həmişə Vətəni sevdiyini hər kəsin yanında deyir, nə vaxtsa müharibə olarsa, mütləq könüllü gedəcəyini bildirərdi. 9 ay idi ki, hərbi xidmətdən qayıtmışdı.
Sentyabrın 29-da könüllülərin getdiyi avtobusa minən Toğrulu polislər dəfələrlə “Sənin adın siyahıda yoxdur”,- deyib, düşürsələr də, təkidlə arxa qapıdan avtobusa minirdi. Onun bu döyüşə hansı coşğu ilə getdiyini hamı bilir. Öz gözəl rəqsilə orada şənlənən Toğrul və onun yanında bir neçə könüllü əylənərək, mahnı oxuya-oxuya “Biz gedirik döyüşə, Ana Vətəni xilas etməyə!” - deyirdilər.
Gedən gün “Ana mən gedirəm Vətəni qorumağa. Birdən qayıtmasam, evdə tək qalma, dayımgilə get” - deyirdi. Biz də onun belə danışdığını görəndə düşünürdük ki, evin tək övladı və tək dayağımdır. Toğrul mənim pəjmürdə olduğumu görəndə qucaqlayaraq, “Bəs mən getməyim, o getməsin, kim getsin?!”,- deyərək, təsəlli verməyə çalışırdı: - Anacan mən səni çox sevirəm, çəkdiyin əziyyətlərdən də xəbərim var. Ancaq Vətəni də qorumaq lazımdır. Döyüşə getməklə Vətənə xidmət etmiş, elə sənin də qorumuş oluram.
...Oktyabrın 13-də balasından acı xəbər gəldi ki, Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla Şəhid olub. Qəhrəman adı alan Şəhidimizi çox böyük təntənə ilə atasının uyuduğu qəbiristanlıqda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham ƏliyevinSərəncamına əsasən Toğrul Nağıyev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və "Vətən uğrunda" medalları ilə təltif edildi.
Tehsil-press.az