Şəhid atası 69 şəhidin xatirəsini əbədiləşdirdi

Şəhid atası 69 şəhidin xatirəsini əbədiləşdirdi Vətən müharibəsi şəhidi İqbal İlqar oğlu Astanlının 24 yaşı tamam olur.
Şəhidin doğum günündə onun sakini olduğu 8 mart küçəsində Biləsuvardan olan 69 şəhidin xatirəsi əbədiləşdirilib. Şəhid atası İlqar Astanovun təşəbbüsü və daxili imkanları hesabına ərsəyə gətirdiyi komleksdə İqballa yanaşı, Vətən Müharibəsində şəhid olmuş digər 68 biləsuvarlı şəhidin də fotoları və onlar haqqında məlumat lövhəsi yer alıb.
Açılış tədbirində şəhidin doğmaları ilə yanaşı, onun döyüş yoldaşları, şəhid valideynləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Sonra şəhid valideynlərinin iştirakı ilə Xatirə kompleksinin ağ örtüyü götürülüb, şəhid İ.Astanlının ad günü münasibətilə səmaya 24 göyərçin buraxılıb və ad günü tortu kəsilib.
Qeyd edək ki, Astanlı İqbal İlqar oğlu 1997-ci ilin bu günü Biləsuvarda anadan olub. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanan İqbal, cəbhə bölgəsində “N” saylı hərbi hissələrdə kəşfiyyat bölüyündə həqiqi hərbi xidmət keçib. Vətən müharbəsində Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhid olub. Göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Tehsil-press.az



Oxşar xəbərlər