
Trampın sülh diplomatiyası
Mətbuat konfransının diqqət çəkən məqamlarından biri Donald Trampın Tailand və Kamboca arasında hərbi konfliktin qarşısını alması ilə bağlı açıqlama oldu. Ağ Evin mətbuat katibi qeyd etdi ki, prezident Trampın şəxsi səyi nəticəsində Tailand ilə Kamboca arasında müharibənin qarşısı alındı. Prezident şəxsən həm Tailandın, həm də Kambocanın baş naziri ilə telefonla danışaraq hər iki liderə bildirib ki, əgər münaqişəyə son qoymasalar ABŞ onlarla heç bir ticarət danışığı aparmayacaq. Bu bəyanatdan, demək olar, dərhal sonra sülh sazişi əldə edildi. Saziş minlərlə insanın həyatını xilas etdi və bu ölkələrlə ticarət danışıqlarının yenidən başlanmasına imkan verdi. Hazırda bu danışıqlar davam etdirilir.
Daha sonra mətbuat katibi qeyd etdi ki, “Prezident Tramp yalnız Tailand və Kamboca arasında deyil, eyni zamanda, İsrail və İran, Konqo Demokratik Respublikası və Ruanda, Hindistan və Pakistan, Serbiya və Kosovo, Misir və Efiopiya arasında da münaqişələrə son qoyub. Bu o deməkdir ki, Tramp prezident olduğu altı ay ərzində hər ay təxminən bir sülh sazişi və ya atəşkəs razılaşması əldə edilib. Odur ki, prezident Trampa Nobel sülh mükafatının verilməsinin vaxtı çoxdan çatıb”.
Mətbuat katibinin bu fikirləri bir çox siyasi analitik və beynəlxalq münasibətlər üzrə tədqiqatçı arasında ciddi müzakirə mövzusuna çevrilib. Analitiklər qeyd edirlər ki, Trampın tətbiq etdiyi preventiv (qabaqlayıcı) diplomatiya ənənəvi normativ yanaşmalardan fərqli olaraq “ultimativ realism” xüsusiyyəti daşıyır. Bu modeldə ABŞ-ın milli maraqları və onun qlobal təsir alətləri əsas prinsip kimi irəli sürülür. Tramp administrasiyası beləliklə beynəlxalq sabitliyə töhfə verməklə yanaşı, Birləşmiş Ştatların strateji üstünlüyünü də möhkəmləndirməyə çalışır. Donald Trampın adı Nobel sülh mükafatına namizəd kimi daha əvvəl də hallanmışdı. Xüsusilə onun 2020-ci ildə Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında “Abraham razılaşmaları”na nail olunmasında vasitəçi kimi çıxış etməsi ən nüfuzlu beynəlxalq mükafata namizədlik üçün əsas göstərilmişdi.
Prezident İlham Əliyev - XXI əsrin sülh carçısı və qlobal ədalət fəlsəfəsinin strateji memarı
Onun liderliyi təkcə milli maraqların təmin olunması ilə yekunlaşmır, eyni zamanda, regional təhlükəsizlik arxitekturasının yenidən dizayn edilməsinə və beynəlxalq hüququn prinsipial əsaslarının real müstəviyə daşınmasına xidmət edir. İlham Əliyevin sülhə yönəlmiş siyasi iradəsi, post-münaqişə dövrü üçün nümayiş etdirdiyi inklüziv yanaşması və konstruktiv diplomatik strategiyası onu müasir dövrün qlobal miqyaslı liderlərindən birinə çevirir. Bu kontekstdə diqqətəlayiq məqam ondan ibarətdir ki, Nobel sülh mükafatı kimi nüfuzlu beynəlxalq təltifin Azərbaycan Prezidenti İlham Əliyevə şamil olunması məsələsi artıq hüquqi, siyasi və geosiyasi müstəvidə öz əsaslarını tapmaqdadır. Onun bu mükafata namizədliyinin irəli sürülməsi yalnız emosional və siyasi jest deyil, konkret tarixi faktlara, beynəlxalq hüquqa və sülhyaratma meyarlarına əsaslanan ciddi bir təklifdir.
Prezident İlham Əliyev 30 ildən artıq davam edən və regionu dərin siyasi, humanitar və sosial böhranlara sürükləyən münaqişəyə 2020-ci ilin payızında hüquqi legitimlik və beynəlxalq norma çərçivəsində son qoymaqla sadəcə hərbi qələbə nümayiş etdirmədi, eyni zamanda, post-münaqişə diplomatiyasının, iqtisadi dirçəlişin və sülhməramlı yenidənqurmanın kompleks modelini təqdim etdi. Onun çoxvektorlu diplomatik bacarığı, multikultural dəyərlərə bağlılığı və regional əməkdaşlığa verdiyi töhfə nəticəsində Cənubi Qafqazda ilk dəfə olaraq qarşılıqlı etimada, geosiyasi reallıqlara və humanitar prinsiplərə əsaslanan yeni təhlükəsizlik nizamı formalaşmaqdadır. Prezident İlham Əliyev barış və inkişaf fəlsəfəsini əsas götürərək, post-münaqişə dövründə milli maraqlarla beynəlxalq dəyərlər arasında tarazlıq yarada bildi. Bu isə onun adını yalnız Azərbaycanın milli lideri kimi yox, eyni zamanda, beynəlxalq sülh sisteminin ilhamverici simalarından biri kimi tarixə yazır.
Nobel sülh mükafatının vaxtı və proseduru
Hər il Norveç Nobel Komitəsi tərəfindən təqdim edilən bu mükafat münaqişələrin həlli, qlobal əməkdaşlığın gücləndirilməsi və insanlıq naminə fədakar fəaliyyəti ilə seçilən fərdlərə və ya təşkilatlara verilir. Nobel sülh mükafatı yalnız laureatın şəxsi töhfəsinə deyil, eyni zamanda dünyada sülh və sabitlik ideyasının təşviqinə verilən ali qiymətin təcəssümüdür. Bu mükafat tarixi boyu dünya liderlərini, hüquq müdafiəçilərini, sülh carçılarını və humanitar missiyası ilə seçilən qurumları bir araya gətirərək, insanlığın ortaq idealı olan davamlı sülhün mümkünlüyünə inamı gücləndirən simvola çevrilib. Laureatın adı adətən oktyabr ayının əvvəllərində açıqlanır, mükafat təqdimatı isə 10 dekabr tarixində, Alfred Nobelin vəfat etdiyi gün Norveçin Oslo şəhərində baş tutur. Namizədlərin irəli sürülməsi fevral ayının 1-dək başa çatdırılmalıdır.
Tarixə nəzər salsaq görərik ki, 1906-cı ildə ABŞ prezidenti Teodor Ruzvelt Rusiya və Yaponiyanın sülh sazişi bağlamasına vasitəçilik etdiyi üçün, 1919-cu ildə yenə həmin ölkənin prezidenti Vudro Vilson ABŞ Millətlər Cəmiyyətinin (League of Nations) qurulmasına rəhbərlik etdiyi üçün, 1993-cü ildə Nelson Mandela Aparteidin ləğvi və demokratik keçidə görə, 1994-cü ildə İshak Rabin, Şimon Peres və Yasir Ərafat Osloda aparılan sülh danışıqlarına görə, 2002-ci ildə Cimmi Karter insan haqları və sülhün təşviqinə görə, 2009-cu ildə Barak Obama beynəlxalq diplomatiya və nüvə silahlarının yayılmasının qarşısının alınmasına yönəlmiş səylərinə görə, eləcə də oxşar xidmətləri müqabilində digər ölkə rəhbərləri Nobel sülh mükafatına layiq görülüb.
Nəticə və təklif
Hazırkı mürəkkəb və təlatümlü beynəlxalq münasibətlər sistemində sülhə töhfə verən, qarşıdurmaları dialoqla əvəzləyən liderlərə heç vaxt olmadığı qədər böyük ehtiyac duyulur. Yeni əsrin çağırışlarına cavab verən belə liderlər sadəcə dövlət başçısı yox, həm də regional və qlobal sabitliyə yön verən siyasi iradə daşıyıcılarıdır. Bu baxımdan Donald Trampın Yaxın Şərqdə uzun illər davam edən münaqişələrin həllinə yönəlmiş təşəbbüsləri və Prezident İlham Əliyevin Cənubi Qafqazda post-münaqişə dövrünün yeni siyasi arxitekturasını formalaşdırmaq istiqamətində atdığı qətiyyətli addımlar tarixə mühüm dönüş nöqtələri kimi düşməkdədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ortaya qoyduğu ədalətli, inklüziv və uzunmüddətli sülhə əsaslanan konsepsiya yalnız region ölkələri üçün yox, beynəlxalq ictimaiyyət üçün də bir model kimi çıxış edir. Bu strateji yanaşma Azərbaycanın sülh tərəfdarı, məsuliyyətli və gələcəyə yönəlmiş dövlət kimi tanınmasına əhəmiyyətli töhfə verməkdədir. Bütün bunları nəzərə alaraq Prezident İlham Əliyevin Nobel sülh mükafatına növbəti illər üçün namizədliyinin irəli sürülməsi yalnız bir şəxsə verilən qiymət deyil, bütövlükdə, Azərbaycanın dünyada sülhə xidmət edən nüfuzlu bir aktor kimi tanınmasının simvolu olardı.
Kəramət QƏNBƏROV,
Beynəlxalq hüquq üzrə ekspert
Beynəlxalq hüquq üzrə ekspert
Tehsil-press.az