Həbsxanada işləyən məhkumların qazancı AÇIQLANDI

Həbsxanada işləyən məhkumların qazancı AÇIQLANDI Cəzaçəkmə müəssisələrində məhkumların əməyinin ödənilməsi qaydası açıqlanıb.

Ədliyyə Nazirliyindən bildirilib ki, məhkumlara əməkhaqqının hesablanması, təyin edilməsi və ödənilməsinin hüquqi əsasları qismində Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi, Nazirlər Kabinetinin 2001-ci il 15 sentyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əmək haqqının ödənilməsi Qaydası”, habelə qanunvericiliyə əsasən Ədliyyə Nazirliyi tərəfindən qəbul edilmiş müvafiq aktlar çıxış edir:

"Belə ki, məhkumlar əmək qanunvericiliyinə uyğun olaraq əməkhaqqı almaq hüququna malikdirlər. Onların əməkhaqqı əməyin ödənilməsi dərəcələrinə müvafiq surətdə vahid tarif cədvəlləri əsasında hesablanır.

Məhkumların əməyinin ödənilməsi sisteminin əsasını işəmuzd və vaxtamuzd əməkhaqqı təşkil edir.

İşəmuzd əməkhaqqı fərdi və kollektiv (briqada) əməkhaqqı formalarına bölünür. Fərdi işəmuzd əməkhaqqı məhkumun hazırladığı yararlı məhsulun kəmiyyətinə və hər məmulat vahidinə qoyulan işəmuzd qiymətlərə görə müəyyənləşdirilir. Kollektiv (briqada) işəmuzd əməkhaqqı formasında isə kollektivin (briqadanın) hər bir üzvünə onun kollektivdə (briqadada) işlədiyi iş vaxtından və ona verilmiş ixtisas dərəcəsindən asılı olaraq əməkhaqqı hesablanır.

İş vaxtının normasını tam işləmiş və öz əmək vəzifələrini yerinə yetirmiş məhkumların aylıq əməkhaqqının məbləği ölkə üzrə müəyyən olunmuş minimum miqdardan az olmamalıdır. Natamam iş vaxtına görə əməyin ödənilməsi işlənmiş vaxta mütənasib və ya istehsaldan asılı olaraq həyata keçirilir.

Məhkumların əməkhaqqı, əməkhaqqına xidməti illərə görə əlavələrdən başqa bütün əlavələr, mükafatlar və digər ödənişlər qüvvədə olan əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Əməkhaqqından gəlir vergisi və digər məcburi ödənişlər, həmçinin əgər varsa icra sənədlərinə görə tutulmalar qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır.

Bütün tutulmalı məbləğlərdən asılı olmayaraq aylıq əməkhaqqının ən azı əlli faizi, altmış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumlara, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş məhkumlara, yetkinlik yaşına çatmayanlara və ya hamilə, cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan məhkum qadınlara ən azı altmış faizi, məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə, habelə cəzaçəkmə müəssisəsindən kənarda yaşamağa icazə verilmiş məhkum qadınlara isə tutulmalı məbləğin ən azı altmış beş faizi verilir".

Tehsil-press.az

Oxşar xəbərlər