Tez-tez ağrıkəsici qəbul edənlərin nəzərinə! - Uroloqdan xəbərdarlıq

Tez-tez ağrıkəsici qəbul edənlərin nəzərinə! - Uroloqdan xəbərdarlıq Uroloq böyrəkləri məhv edən vərdişləri açıqlayıb.

Bu barədə rusiyalı uroloq-androloq Artur Boqatyryov danışıb.

Həkimin sözlərinə görə ən böyük risklərdən biri orqanizmin kifayət qədər su qəbul etməməsidir.

"Su böyrəklərin əsas funksiyasını, yəni, toksinlərin və artıq mayenin orqanizmdən çıxarılmasını təmin edir. Maye çatışmazlığında böyrəklərə qan axını azalır və onların işi zəifləyir"

"Böyüklər üçün optimal miqdar gündə 8-10 stəkan sudur", - deyə mütəxəssis həddindən artıq su içməyin də zərərli olduğunu xatırladıb.

"Duzun həddindən artıq qəbulu böyrəklərə ciddi ziyan vurur. Bu zaman orqan daha çox yüklənir, nəticədə funksiyası zəifləyir və orqanizmdə maye yığılır. Artıq duz həmçinin sidikdə zülalın miqdarını artıraraq böyrəklərin işinə mənfi təsir göstərir. Normanın gündə 5 qramdan çox olmaması tövsiyə edilir".

Boqatyryov böyrəklərə ziyan verən digər vərdişlər sırasında ağrıkəsici dərmanlardan tez-tez istifadəni də qeyd edib. Onun sözlərinə görə, bu preparatlar böyrəklərə qan axınını zəiflədir, uzunmüddətli və nəzarətsiz qəbul isə kəskin böyrək çatışmazlığına gətirib çıxara bilər.

Uzun müddət sidik saxlamanın da təhlükəli olduğunu bildirən həkim, bunun həm böyrəklərə əlavə yük yaratdığını, həm də sidik yollarında infeksiyaların inkişafı üçün şərait formalaşdırdığını vurğulayıb.

"Siqaret və alkoqoldan istifadənin də risk faktorları siyahısından çıxarılmaması vacibdir. Bu vərdişlər bütün orqanizmə zərər vurur, böyrəklər isə ilk sırada zərər görür", - deyə mütəxəssis əlavə edib.

Onun sözlərinə görə böyrək sağlamlığının qorunmasında keyfiyyətli yuxunun da xüsusi rolu var. Yuxu çatışmazlığı qan təzyiqinin yüksəlməsinə, damarların tutulmasına və xroniki xəstəliklərin yaranmasına səbəb ola bilər.

Tehsil-press.az

Oxşar xəbərlər