İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov iclası giriş sözü ilə açaraq Vətən müharibəsinin başlaması, 44 gün sonra əldə edilən tarixi Zəfərə gedən yolda xalq, ordu və dövlət birliyinin əhəmiyyətindən danışıb. Sonra Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanovanın hər günü ayrı bir qəhrəmanlıq dastanı olan Vətən müharibəsi haqqında çıxışı dinlənilib. Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il Anım Gününün qeyd edilməsinin Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirdiyinin, şəhidlərimizin ruhuna göstərilən ehtiramın gələcək nəsillər üçün nümunə olacağını bildirib. O, 2023-cü ilin sentyabrın 20-də keçirilən birgünlük lokal xarakterli antiterror tədbirlərini 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin məntiqi davamı kimi qiymətləndirib.
İnstitutun Təchizat və Xidmət şöbəsinin mühəndisi, ehtiyatda olan zabit Vaqif İbrahimov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun yenilməz gücü və xalqımızın sarsılmaz birliyi nəticəsində 30 illik işğala son qoyulduğunu və tarixi ədalətin bərpa olunduğunu bildirib. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun hazırda İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən qazi Azərbaycanın regionda lider mövqeyindən danışıb.
İnstitutun Həmkarlar Komitəsinin sədri kimya üzrə fəlsəfə doktoru, dosent Aynurə Məmmədova xalqımızın Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşatdığını söyləyib. Ölkə başçısının Anım Gününün respublika səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı Sərəncamın şəhidlərimizə olan dərin ehtiram və hörmətin bariz nümunəsi olduğunu qeyd edib.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Qazilərimizə cansağlığı arzu edirik!
Tehsil-press.az