Polimer Materialları İnstitutunda Milli Qurtuluş Gününə həsr olunan iclas keçirilib

Polimer Materialları İnstitutunda Milli Qurtuluş Gününə həsr olunan iclas keçirilib 13 iyun 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Elmi şuranın Milli Qurtuluş Gününə həsr olunan iclası keçirilib. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov iclası giriş sözü ilə açaraq 15 iyunun Azərbaycan üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətindən danışıb. Əvvəlcə müstəqillik yolunda canından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra institutun Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova çıxış edərək ölkəmizin 70 illik Sovet işğalından azad olduqdan sonra 1991-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğunu, lakin müstəqilliyin ilk illərinin siyasi hakimiyyətin və dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar olduğunu bildirib. Ölkənin bu illərdə düşdüyü siyasi və iqtisadi böhran vəziyyətindən danışaraq 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin ölkənin ən çətin vaxtında hakimiyyətə qayıdışından bəhs edib. Beləliklə, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi tarix Azərbaycanın həqiqi müstəqillik tarixi kimi qeyd olunur.

15 iyun – qurtuluş rəmzidir. Bu günü qeyd etməklə, biz həm keçmişə hörmətimizi bildirir, həm də gələcək nəsillərə güclü, sabit və müstəqil Azərbaycan ideyasını aşılayırıq.
Bayramınız mübarək!

Tehsil-press.az

Oxşar xəbərlər