Üç gün davam edəcək forum süni intellekt nəzəriyyəsi, yeni üsulların işlənməsi və məlumat elmlərinin tibb, kibertəhlükəsizlik, idman və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə tətbiqinə dair fikir və təcrübə mübadiləsi üçün mühüm platformadır.
Tədbiri giriş sözü ilə BDU-nun rektoru Elçin Babayev açıb. Rektor Elçin Babayev çıxışında forumun beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin informasiya texnologiyaları və rəqəmsal inkişaf sahələrinə göstərdiyi davamlı diqqət və qayğının bu istiqamətdə mühüm rol oynadığını qeyd edib.
Rektor həmçinin BDU-da Süni intellektin etikası kafedrasının yaradıldığını bildirib. Bu yeni struktur bölmə süni intellekt tədqiqatlarında etik prinsiplərin, şəffaflığın və sosial məsuliyyətin təşviqinə xidmət edəcək.
Açılış mərasimində çıxış edən digər natiqlər - İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə heyətinin sədri Fərid Osmanov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SIM) icraçı direktoru Fariz Cəfərov, Ben-Qurion Negev Universitetinin regional və sənaye inkişafı üzrə vitse-prezidenti Dan Blumberq, "Codelandia" şirkətinin rəhbəri Günel Cənnətova və digərləri çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
Forumun elmi proqramında dünyanın tanınmış alimləri tərəfindən müxtəlif istiqamətlərdə məruzələr təqdim olunur. Məruzələrdə qlobal süni intellekt və məlumat bazarlarının inkişafı, süni intellektin səhiyyədə tətbiqində etik və praktiki çağırışlar, eləcə də informasiyanın strateji resursa çevrildiyi müasir dövrdə ali təhsilin rolu kimi mövzular əhatə olunur.
Forum çərçivəsində iştirakçılar panel müzakirələrdə, məruzələrdə və qarşılıqlı fikir mübadiləsində iştirak edəcək, regionda süni intellekt və məlumat elmlərinin inkişaf perspektivləri barədə yeni ideyalar formalaşdıracaqlar.
Tehsil-press.az