BDU-da Müstəqilliyin Bərpası Günü qeyd edilib

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd edilib Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Əbədi və sarsılmaz müstəqilliyimiz” adlı tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan daha çətin olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Amma xalqımız bu ağır günlərdə qətiyyət, möhkəm iradə nümayiş etdirərək öz taleyinə sahib çıxdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Əslində Azərbaycan əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi: “Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyi Ümummilli Liderin adı ilə bağlıdır”.

Qədim dünya və orta əsrlər kafedrasının müdiri, professor Yaqub Mahmudov bu il dövlət müstəqilliyimizin bərpasının 34-cü illiyini qeyd etdiyimizi deyib: “XX əsrin sonlarında yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunub. Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib, bununla da 1991-ci il oktyabrın 18-də xalqımız öz müstəqilliyini yenidən bərpa edib. Bu, Azərbaycan xalqına bir əsrdə iki dəfə bəxş edilən ən böyük nemətdir”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq, metodika kafedrasının müdiri, professor Anar İsgəndərov müstəqilliyimizin bərpasına verilən ən böyük siyasi qiymətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 15 oktyabr tarixli “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiq edilməsi ilə bağlı Sərəncamı olduğunu vurğulayıb. Bunun yeni reallıqlar və qalib statusu ilə bütün dünyaya səs salan Azərbaycanın yeni dövrünün qızıl başlanğıcı hesab edildiyini deyib.

Daha sonra AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri Cəbi Bəhramov, YAP Yasamal rayon “Z.Xəlilov küç. 33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, professor Zahid Cəfərov və Azərbaycan tarixi kafedrasının müdiri, dosent Azad Rzayev çıxışlarında müstəqilliyin hər bir xalq üçün ən dəyərli sərvət olduğundan, bunu qorumağın gənclərin əsas vəzifəsinə çevrildiyindən söz açıblar.

Tədbir Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarxın nümayişi və tələbələrin hazırladığı bədii hissə ilə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər