34 il müstəqillik yolunda

34 il müstəqillik yolunda 18 oktyabrda qəbul edilən bu sənəd xalqımızın əsrlər boyu arzuladığı müstəqilliyi reallığa çevirdi

Bu il müzəffər Azərbaycan xalqı dövlət müstəqilliyimizin bərpasının 34-cü ildönümünü böyük qürur və iftixar hissi ilə qeyd edir. 34 il öncə 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikası Ali Soveti tarixi qərar qəbul etdi: “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”. Bu sənəd Azərbaycan xalqının azadlıq, milli suverenlik və öz müqəddəratını təyinetmə hüququnun təntənəsi idi. Hələ oktyabrın 8-də işinə başlayan növbədənkənar sessiyada məsələ dörd gün müzakirə olunsa da, o dövrün mürəkkəb ictimai-siyasi şəraiti qərarın qəbulunu bir həftə sonraya saxladı. Nəhayət, 18 oktyabrda qəbul edilən bu sənəd xalqımızın əsrlər boyu arzuladığı müstəqilliyi reallığa çevirdi.

2021-ci il oktyabrın 15-də isə Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Bu qanuna əsasən, 28 may tarixi Müstəqillik Günü, 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü elan olundu. Bu qərar həm tarixi ardıcıllığın qorunması, həm də milli yaddaşın daha aydın sistemləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Lakin müstəqilliyi qazanmaq qədər onu qoruyub saxlamaq da çətin, məsuliyyətli və qürurlu bir missiyadır. 1990-cı illərin əvvəllərində gənc dövlətimiz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Siyasi xaos, silahlı qarşıdurmalar, iqtisadi tənəzzül və dövlət idarəçiliyində böhran hökm sürürdü. Lakin bu ağır və sınaqlı günlərdə Azərbaycan xalqı böyük qətiyyət və iradə nümayiş etdirərək öz taleyinə sahib çıxdı.

1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin xilaskarı oldu. Onun uzaqgörən siyasəti və dövlətçilik iradəsi sayəsində ölkəmizdə sabitlik, qanunçuluq və milli həmrəylik bərpa edildi. Heydər Əliyevin qısa zamanda ölkədə xaosu, anarxiyanı, iqtisadi durğunluğu aradan qaldırdı, Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxardı. O, Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi dünyaya təqdim etdi. Heydər Əliyevin rəhbərliyi ilə müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğuna başlanıldı.

Bu gün də Heydər Əliyevin siyasi irsini uğurla davam etdirən Prezident İlham Əliyev müstəqil Azərbaycanın qüdrətini daha da artırır, ölkəmizi regionun ən güclü dövlətlərindən birinə çevirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, praqmatik və milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan iqtisadi, siyasi, sosial və hərbi sahələrdə böyük inkişaf yolu keçib.

Azərbaycan artıq regionda cərəyan edən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərən, istiqamət verən güclü dövlətə çevrilib. Beynəlxalq birliklə qarşılıqlı faydalı əməkdaşlıq genişlənib, Azərbaycanın nüfuzu beynəlxalq arenada getdikcə artıb. Dövlət başçısının müəyyənləşdirdiyi uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadi sistemlərdən birinə çevrilib.

Heydər Əliyevin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirildi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu şanlı Qələbə qazandı. Bu qələbə ilə xalqımız on illərlə davam edən işğala son qoydu, torpaqlarını azad etdi, milli qürurunu və tarixi ədaləti bərpa etdi.

Bu gün azad olunmuş torpaqlarımıza həyat qayıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir. Yenidən inşa olunan şəhər və kəndlər, açılan yollar və hava limanları, bərpa olunan tarixi abidələr Azərbaycanın iqtisadi gücünü, dövlət iradəsini və milli birliyini əks etdirir.

Ərazi bütövlüyümüzün tam bərpasını isə 2023-cü ilin sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri təmin etdi. Azərbaycan Silahlı Qüvvələri qısa zamanda Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrini tərk-silah etdi, separatçı rejimin fəaliyyətinə son qoydu və ölkə suverenliyi tam bərpa olundu.

Bu gün Azərbaycanın üçrəngli bayrağı ölkəmizin hər bir şəhərində, hər bir kəndində qürurla dalğalanır.

Tarixi Zəfərlər, dövlət müdrikliyi və xalq birliyi sayəsində bu gün Azərbaycan bütün dünyaya bəyan edir ki , Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır!"

Tehsil-press.az

Oxşar xəbərlər