Tədbirdə çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı-Mitova ölkəmizdə kənd təsərrüfatına göstərilən diqqət və qayğı, fermerlərə yaradılan əlverişli şərait barədə məlumat verib. Bildirib ki, aqrar sahənin inkişafı, kənd yerlərində məşğulluğun artırılması istiqamətində qadın fermerlərin fəaliyyətinin dəstəklənməsi məqsədilə mühüm tədbirlər görülür. AKİA rəsmisi FAO ilə birgə aqrar sahədə qadınların məşğulluğunun, onların informasiya, resurs və bazarlara çıxış imkanlarının artırılması, bununla da onların sosial-iqtisadi rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib, ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı icra edilən tədbirlərin tərkib hissəsi kimi gənc və qadınların potensial imkanlarının düzgün qiymətləndirilməsi, onların məşğulluq səviyyəsinin artırılması, innovativ layihələrdə iştirakının stimullaşdırılmasının aqrar siyasətin əsas hədəflərindən olduğu vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və Gender Məsələləri şöbəsinin müdir müavini Səbinə Talışınskaya əlavə edib ki, ölkəmizdə kənd qadınlarının sahibkarlıq fəaliyyətində iştirakının təmin edilməsi və bacarıqlarının artırılması məqsədilə silsilə tədbirlər həyata keçirilir. O, qadınların ictimai həyatda rolunun artması, gender bərəbərliyinin qorunması, qadın fermerlərin, sahibkarların və qadın liderlərin dayanıqlı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sistemlərinin yaradılması işinə verilən dəstəkdən söz açıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi rəhbərinin müavini Bariz Mehdiyev isə öz növbəsində qadınların rəhbərlik etdiyi müəssisə və təşkilatların inkişaf etdirilməsi, qadınların iqtisadi həyatda iştirakının təmin edilməsi, kənd yerlərində aqrar iqtisadi fəaliyyətlərin dəstəklənməsi, biznesə dəstək xidməti üçün potensialın gücləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
BMT-nin Qadınlar Agentliyinin proqram mütəxəssisi Pərvanə Bayramova qadınların ictimai həyatda rolunun artırılması, gender bərəbərliyinin qorunması, qadın fermerlərin, sahibkarların və qadın liderlərin dayanıqlı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sistemlərinin yaradılmasında iştirakının yüksəldilməsi ilə bağlı fikirlərini bölüşüb.
Daha sonra “Kənd təsərrüfatı sektorunda dövlət maliyyə dəstək mexanizmləri və Aqrar Kredit və İnkişaf Agentliyinin rolu” mövzusunda təqdimat keçirilib.
Tədbirdə çıxış edən qadın fermer və sahibkarlar ölkədə qadın sahibkarların fəaliyyəti, bu istiqamətdə dəstək tədbirləri, əlverişli biznes mühiti və qadınların aqrar sahənin inkişafına verdikləri töhfə barədə danışıblar.
Müzakirələrdən sonra iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda 15 oktyabr - Beynəlxalq Kənd Qadınları Günü ilə əlaqədar qadın fermer və sahibkarlara sertifikatlar təqdim edilib.
Tehsil-press.az