Tədbirdə Aqrar Tədqiqatlar Mərkəzinin direktorunun müşaviri Pərviz Əliyev bildirib ki, kənd təsərrüfatı sistemləri bütün dünyada bazar dəyişkənliklərindən və ticarət əlaqələrindəki qırılmalardan tutmuş, iqlim dəyişikliklərinə və resurs məhdudiyyətlərinə qədər bir çox çətinliklərlə üzləşir. Bu səbəbdən sübutlara əsaslanan siyasətlərin hazırlanması kənd təsərrüfatı sektorunda ərzaq təhlükəsizliyi, resursların səmərəli bölgüsü və davamlı böyümənin təmin edilməsi üçün çox vacibdir. Ümumi Tarazlıq Modelləri və Hissəvi Tarazlıq Modelləri siyasətçilərə və tədqiqatçılara siyasətin iqtisadi nəticələrini, bazar dinamikasını və xarici şokları qiymətləndirməyə imkan verən güclü analitik vasitələrdir. Konfrans analitik potensialı gücləndirmək, sübutlara əsaslanan qərarların qəbul olunmasını təşviq etmək və üzv dövlətlər arasında əməkdaşlığı gücləndirməklə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin iqtisadi ölçüsünü dəstəkləyir.
Pərviz Əliyev Azərbaycanın kənd təsərrüfatı sahəsində görülən işlər, ATM-in fəaliyyəti, yaradılan məlumat bazaları, o cümlədən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi, Kənd Təsərrüfatı üzrə Elektron Qiymət İnformasiya Sistemi, Fermer Təsərrüfatı Məlumatlarının Monitorinqi Sistemi barədə də məlumat verib.
AQEM-in Baş katibinin müavini Fərid Dəmirli bu təşəbbüsün AQEM-in iqtisadi meyarlarına uyğun olduğunu, siyasət təhlili sahəsində regional potensialı gücləndirdiyini, məlumat mübadiləsini təşviq etdiyini və kənd təsərrüfatının dayanıqlı inkişafını dəstəklədiyini bildirib. Bununla yanaşı, tədbirin ölkələrarası əməkdaşlığın təşviq edilməsinə, "Aclığa son" dayanıqlı inkişaf məqsədinə nail olunmasına, eləcə də ərzaq təhlükəsizliyi problemi və iqlim riskləri ilə birgə mübarizəyə töhfə verdiyini qeyd edib.
Tədbirdə İsrail və Banqladeşdən olan mütəxəssislər və ekspertlər bitki zərərvericiləri və onlara qarşı müasir mübarizə tədbirləri, pambıqçılığın kənd yerlərinin inkişafına təsiri, aqrar sahədə potensialın gücləndirilməsi, inteqrasiya və kənd təsərrüfatı transformasiyası istiqamətində əməkdaşlıq mövzularında təqdimatlarla çıxış ediblər.
Aqrar Tədqiqatlar Mərkəzinin direktorunun müşaviri Pərviz Əliyev isə “GTAP modeli vasitəsilə ərzaq təhlükəsizliyinin qiymətləndirilməsi: cari trendlər və optimal siyasət ssenariləri” mövzusunda təqdimatla çıxış edib. O, Qlobal Ticarət Təhlili - GTAP modelinin əsas xüsusiyyətləri, komponentləri və tətbiq sahələri barədə danışıb, bu modeldən istifadə etməklə buğdanın idxalının rüsumla tənzimlənməsi ssenarisi üzrə apardığı simulyasiyanın nəticələri barədə məlumat verib.
Çıxışlardan sonra qoyulan məsələlər ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Tehsil-press.az








