Kinoteatrlarda yerli filmlərin vəziyyəti: ekranlarda nələr var?

Kinoteatrlarda yerli filmlərin vəziyyəti: ekranlarda nələr var? Paytaxtın əsas kinoteatrlarında nümayiş olunan yerli filmlərin sayı məhduddur. Xüsusilə də Nizami Kino Mərkəzinin repertuarında vəziyyət daha pis görünür-mərkəzdə hazırda cəmi iki yerli film göstərilir. Bunlardan biri Hacı Zeynalabdin Tağıyevin həyatına həsr olunmuş “Tağıyev”, digəri isə mistik-dram janrında çəkilən “Bəlkə də” filmidir.

Eyni zamanda “CineMastercard” kinoteatrlar şəbəkəsində yerli filmlərin sayı nisbətən çox olsa da, ümumi repertuarla müqayisədə burada da vəziyyət qənaətbəxş deyil- cəmi beş yerli ekran işi nümayiş olunur: “Hozu”, “Bəlkə də”, “Qapı” “Apatiya” və “Tağıyev”.

Kinoteatrlarda nümayiş olunan filmlərdən qısa xülasə hazırlayıb.

“Tağıyev”- tarixi şəxsiyyətin ekran həyatı

Nizami kinoteatrında nümayiş olunan əsas filmlərdən biri olan “Tağıyev” ekran əsəri Azərbaycanın görkəmli sənayeçi və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin həyatının mühüm dönəmlərini canlandırır. Hadisələr 1896-cı ilin mayında baş verir. Ömrünün 58-ci ilinə qədəm qoyan Tağıyev hələ də işgüzar, yenilikçi və cəsarətli bir sima kimi təqdim olunur. Filmdə onun ailə münasibətləri, xüsusilə də general Balakişi Ərəblinskinin qızı Sona xanımla ailə qurmaq qərarı və bu seçimin övladı İsmayılla münasibətlərdə yaratdığı gərginlik əsas xətt kimi izlənir.

“Bəlkə də”-zamanla mübarizə aparan bir ixtiraçının hekayəsi

Nizami kinoteatrında nümayiş olunan digər film “Bəlkə də”dir. Film zaman maşını icad edən bir ixtiraçının keçmişə qayıdaraq səhvlərini düzəltmək cəhdləri və bunun fonunda həyatına müdaxilə edən “ruh axını” ilə üzləşməsini əks etdirir. Mistika və dramın vəhdətində çəkilən ekran əsərində Taleh Yüzbəyov, İranə Kərimova, Günay Əhməd və digər tanınmış aktyorlar rol alıblar.

“Hozu”-qədim xanlıq dövrünün mübarizəsi

“CineMastercard” kinoteatrlarında nümayiş olunan yerli filmlərdən biri də rejissor İlham Yaşaroğlunun “Hozu” ekran əsəridir. XV əsrdə Orta Asiyada baş verən hadisələrə söykənən film Dərəbəylər xanlığında iki qardaş arasında taxt uğrunda mübarizəni təsvir edir. Qarabuğdayın atasını qətlə yetirib günahı qardaşı Hozunun üstünə atması və bunun ardınca xanlıqda baş qaldıran xaos filmə dramatik dinamika qatır.

“Qapı”-sosial dram və kriminal xəttin birləşdiyi ekran işi

Rejissor Vüsal Əhmədzadənin “Qapı” filmi də repertuarda yer alan yerli ekran işlərindən biridir. Hadisələr imkanlı bir iş adamının evindən oğurluq etməyi planlaşdıran kiçik bir qrupun ətrafında cərəyan edir. Xadimə işləyən Vəfa yeni həyat qurmaq üçün qardaşı Vidadi və digər tanışları ilə birlikdə riskli bir yola çıxır. Oğurluq zamanı qapının xarab olması və onların evdə qalmaq məcburiyyətində qalması isə filmin gərgin atmosferini daha da gücləndirir.

“Apatiya” -sosial mesajlı dramatik hekayə

Hikmət Rəhimovun rejissor olduğu “Apatiya” filmi isə daha çox sosial mövzulara toxunur. Filmin baş qəhrəmanı Akif anasını tapmaq üçün uşaqlar evindən qaçır və ağır, təhlükəli bir yolçuluğa çıxır. Hadisələrin gedişində cəmiyyətin həssas məqamlarına, uşaqların taleyinə və sosial məsuliyyət mövzusuna toxunulur. “Apatiya-2” isə sosial məsuliyyətsiz valideynliyə kəskin mesaj verən bir ekran işi kimi təqdim olunur.

Tehsil-press.az

Oxşar xəbərlər