Kinoteatrlarda filmlər rusca, dublyaj yox... - ARKA-dan cavab

Kinoteatrlarda filmlər rusca, dublyaj yox... - ARKA-dan cavab Azərbaycan dilində dublyajın olmamasının əsas səbəbləri arasında yüksək maliyyə və texniki tələblər dayanır.

Bu sözləri açıqlamasında kinotənqidçi Hacı Səfərov deyib.

“Bir filmin dublyajı üçün tərcümə, səs aktyorları, dublyaj rejissoru və studiya lazımdır. Bunlar isə böyük investisiya tələb edir deyə ancaq geniş auditoriyaya xitab edən və böyük potensialı olan filmləri dublyaj edirlər. Məsələn, Azərbaycanda dublyaj olunan filmlər əsasən uşaq filmləridir, çünki uşaqların əksəriyyəti başqa dil bilmir və onların subtitr oxumağı mümkün deyil. Dünya praktikasında isə filmlər orijinal dildə, yerli dil subtitrları ilə təqdim olunur”, - kinotənqidçi əlavə edib.

Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) saytımıza bildirilib ki, Azərbaycan dilində dublyajlı filmlərin artırılması prioritet məsələlərdəndir. Agentlik xarici filmlərin doğma dildə təqdim olunmasının həm dilin qorunması, həm də kino sənayesinin inkişafı baxımından vacib olduğunu qeyd edib:

“Araşdırmalar kinoteatrlar üçün azərbaycandilli izləyici potensialının yüksək olduğunu göstərməkdədir. Yaxın gələcəkdə ölkəmizdə nümayiş olunacaq bütün filmlərin mütləq qaydada Azərbaycan dilinə dublyaj olunması ARKA-nın hədəfləri sırasındadır. İlkin mərhələlərdə bu tələbin azyaşlı izləyicilər üçün nəzərdə tutulan əsərlərə tətbiq edilməsi, bu sahədə yerli studiyaların və peşəkarların imkanlarının artırılması, texnoloji infrastrukturun gücləndirilməsi planlaşdırılır.

Azərbaycan filmlərinin digər dillərə dublyaj olunaraq beynəlxalq bazara çıxarılması da vacib hədəflərdəndir. Bu, ölkənin mədəniyyətinin tanıdılmasına və yerli kino istehsalçılarının xaricdə tanınmasına xidmət edəcək”.

Tehsil-press.az

Oxşar xəbərlər