AXCP sədri Əli Kərimli barəsində irəli sürülən ittihamlar fonunda partiyanın taleyi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.Bəs, Əli Kərimlinin partiyası ləğv edilə bilərmi?
Mövzuya siyasi şərhçi Cavanşir Abbaslı açıqlamasında münasibət bildirib.
Cavanşir Abbaslının sözlərinə görə, Əli Kərimlinin rəhbərlik etdiyi partiyanın ləğvi üçün hüquqi əsaslar formalaşıb:
“Əli Kərimlinin barəsində irəli sürülən maddələr kifayət qədər ciddi xarakter daşıyır və bu ittihamlar partiyanın ləğvinə hüquqi zəmin yaradır. O, hakimiyyəti ələ keçirmə və Konstitusiyanı dəyişdirməyə cəhd ittihamları ilə həbs olunub. Bu isə rəhbərlik etdiyi təşkilatın gələcək fəaliyyətinə birbaşa təsir edən amildir”.
Ekspert əlavə edib ki, AXCP-nin son qurultayının sənədlərinin Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənməməsi partiyanın hüquqi durumunu daha da mürəkkəbləşdirib:
“Partiya dövlət qeydiyyatında olsa da, qurultayın nəticələri təsdiqlənmədiyi üçün Əli Kərimli faktiki olaraq AXCP-nin rəsmi sədri kimi qeydə alınmırdı. Ətrafına özünü sədr kimi təqdim etsə də, hüquqi reallıq fərqli idi. Əgər bu proseslər baş verməsəydi, yaxın aylarda yenidən qurultay keçirilməsi gözlənilirdi”.
Cavanşir Abbaslı bildirib ki, hazırkı ağır ittihamlar fonunda AXCP-nin dövlət qeydiyyatının ləğvi real görünür:
“Gedişata baxdıqda böyük ehtimalla yaxın aylarda, hətta gələn ilin əvvəlində belə, AXCP-nin dövlət qeydiyyatının ləğv edilməsi mümkündür”.
Qeyd edək ki, məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik hər hansı açıqlama verilməyib.
Tehsil-press.az















