Siyasət kişi, ya qadın bilirmi?..

Siyasət kişi, ya qadın bilirmi?.. Qolda Meir, Marqaret Tetçer və Benəzir Bhutto – üç nəhəng qadın siyasətçi. Prinsipcə, onları tanımayan yox. İsrailin baş naziri olmuş xanım Qolda Meirin bioqrafiyasında mənim üçün daha çox hansı detal maraqlıdır? Qadın vaxtilə İsrailin hətta daxili işlər naziri olubdur!

Razılaşın, hər kişinin çəkəcəyi yük deyil! Söhbət dövlətin üç əsas güc strukturuna başçılıq etməkdən gedir. Hətta psixoloji cəhətdən çətin məsələdir, adını çəkəndə dərhal ağıla kişilər gəlir, özü də elə-beləsi yox, peşəkar, rütbəli insanlar, nə bilim, general-filan! Onların arasında hər qadın baş çıxara bilərdimi?..

Tetçerin də təqdimata ehtiyacı yox, “dəmir ledi”dir. 20-ci əsrin ikinci yarısında onun kimi, olsa-olsa, iki kişi siyasətçi məşhur sayıla bilər: Reyqan və Qorbaçov səhv etmirəmsə!..

Çatdıq rəhmətlik Benəzir xanıma, sui-qəsdlə öldürülən bir şərqli-müsəlman xanım siyasətçiyə (hərçənd ki, bundan əvvəl, məsələn, hindli İndira Qandi də olubdur deyəsən!).

Əlbəttə, Pakistan üzrə mütəxəssis-filan deyiləm, onun siyasətinin bütün təfərrüatlarını bilmirəm. Amma ağlım kəsəndən ölkəni diqqət mərkəzində görmüşəm, xüsusən Əfqanıstan hadisəsi başlayandan sonra!

Onda Pakistan Qərb üçün də, Əfqan mücahidlərinin özləri üçün də platsdarm idi – ABŞ-ın SSRİ-ni Əfqanıstandan çıxartmaq üçün apardığı müharibənin arxa cəbhəsi idi; səhv etmirəmsə, bütün təlim mərkəzləri-filan da bu ölkədə idi! Dediyim budur ki, heç də “ölüvay” ölkə deyil, hazırda atom silahı olan yeganə müsəlman ölkəsidir, dostdur! Abdus Salamın vətənidir! Bunu da qeyd etməyə bilmirik ki, səhv etmirəmsə, Salman Rüşdi də oradandır; sonuncu sözsüz, islamla bağlı böyük qələt edibdir, amma rəy budur ki, adam çox güclü yazıçıdır – hər halda, Bukeri də hər adama vermirlər axı...

Benəzir xanıma gəldikdə, bir dəfə bioqrafiyasıyla tanış olmuşdum – mükəmməl təhsil görən, səhv etmirəmsə, Harvardı, Oksfordu bitirmiş xanım idi! Üstəgəl, böyük islam ölkəsinin, özü də islam respublikası olanın baş naziri olsa da, məncə, heç vaxt çarşab-filan da taxmayıbdır!

Bir qeydim də xanım jurnalistlərlə bağlı olacaq. Çox olublar, amma yadımda daha çox Anna Politkovskaya qalıbdır - bəli, yaşadığı binanın liftində qətlə yetirilən xanım jurnalist – araşdırmaçı! Həm də “Novaya qazeta”nın əməkdaşı idi, sonuncunun redaktoru isə Nobel mükafatı alan jurnalist-hüquq müdafiəçisi Dmitriy Muratov idi axır vaxtlaradək...

Hətta bu, hamısı deyil. Təsəvvür edin, bu qəzetin müxtəlif vaxtlarda, səhv etmirəmsə, beş-altı əməkdaşı qətlə yetirilmişdi!..

Gəlim mübtədasına. Niyə yazıram bunu? Siyasət, hətta siyasi jurnalistika istisna bilmir, bu zəhrimara qalmış peşələr qadın - kişi “tanımır”. Hətta siyasi jurnalistika! Dünyada peşəsinə görə ən çox öldürülənlər jurnalistlərdir, əsasən də siyasi mövzularda yazanlar və bir də hərbi reportyorlar. Atalarımız hər məsələylə bağlı gözəl sözlər qoyub gedib. Birini deyəcəyəm. Yadınızdadırmı? Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu!..

Çoxu siyasət adamlarına, hətta siyasi jurnalistika ilə məşğul olanlara birtəhər baxır.
Bəzisi “bəxtəvərlik” oxuyur. Amma tələsməyin. Bunların çoxu qəti bəxtəvər deyil, bəzən OLUMLA-ÖLÜMÜN sərhədində yaşayanlardır.

Gülənlər də az olmur, xüsusən də bəzi axmaq ölkələrin bəzi axmaq insanları kimi. Amma hər dəfə belə şey haqqında oxuyanda “Nəsimi” filmindən (Allah yazıçı İsa Hüseynova, xüsusən də rejissor Həsən Seyidbəyliyə rəhmət eləsin – çoxu unudub, amma adam həm də maraqlı yazıçı idi. Hələ demirəm ki, Nəsiminin surəti rəhmətlik rəssam Mikayıl Abdullayevin təxəyyülünün məhsulu idi. Allah ona da rəhmət eləsin! Əlbəttə, Rasim Balayevə də rəhmət diləyirik!) bir detal düşür yadıma. Xatırlayırsınızmı, Şeyx-Əzəm Nəsimi haqda nə deyir? “Gülməyin ona, mən onun qanını içərəm, amma gülmərəm”!

Ona görə də gülməyin belə insanlara, çoxunuz onların bircə gününü yaşaya bilməzsiniz. Bəlkə daha münasib, daha əlverişli məqam gələcək nə vaxtsa, ortada nifrət, qisas və qorxu qalmayacaq və bu insanlar da – siyasətçilər, siyasi jurnalistlər də yaşadıqları problemlərdən daha sərbəst danışacaq. İnsanlar da çox şeyi təzədən kəşf edəcək. Amma olacaqmı?..

Özü də bu, dünyanın ən böyük siyasət adamlarına, ən böyük jurnalistlərinə də aiddir. Üzrü sayın, çoxdan oxumuşam, ona görə unutmuşam, amma ABŞ prezidentlərindən birinin cangüdəni xatırlayırdı ki, prezident gərginlikdən başını divara söykəyib ağladı! Burada çox sevdiyim məşhur ABŞ filmi yadıma düşür. Deyəsən, adı elə “Cangüdən” idi! Gözəl film! Peşəkar cangüdən, özü də keçmişdə prezidentləri qoruyan adam haqda idi! Filmdə necə gərginlik yaşanırdı, İlahi! Çox güclü, hətta psixoloji filmdir. Çoxdan çəkilibdir, baxmamısınızsa, mütləq baxın.

Siyasətçilər, hətta siyasətə azca yaxın olanlar çox şeyi danışa bilmir. Bununla bağlı rəhmətlik prezident Heydər Əliyevin də çox məşhur sözü var: “Siyasətçi dediyini etmir, ETDİYİNİ DEMİR”!..

Həm də siyasət istisna bilmir, qadın-kişi “tanımır”. Onun “qanun”ları bəzən həddindən çox sərt olur.

Yenə də sözümü tam çatdıra bilmədim. Səmimi deyirəm ki, bizim “ənənəvi media”nın durumu artıq özümü də nəinki peşəkar siyasi yazar kimi, hətta vətəndaş kimi qane etmir, çünki ölkədə çox məsələlər mənim də əməkdaşlıq etdiyim “ənənəvi media”da bəzən əksini tapa bilmir. Bu, jurnalist kimi də, sıravi vətəndaş kimi də çox narahat edir.

Dəfələrlə yazmışam ki, qardaşlar, vəziyyəti dəyişmək üçün heç olmasa, cəhd edək. Bəlkə nəsə alındı? Axı hər şey bir yana, oxucularımızı, onların etimadını itiririk, sanki öz əlimizlə peşəkar jurnalistikanı qeyri-peşəkarların, hətta bəzən yaxşı niyyəti olmayan insanların əlinə veririk! Sonra da gileylənirik ki, “ənənəvi media”ya maraq azalır!..

Nə başınızı ağrıdım, özüm də son vaxtlarda ən azı informasiyaya ehtiyacı olan vətəndaş kimi başlamışam hərdən bəzi internet mənbələrini izləməyə. Sanki hansısa “gizli əl” hamımızı harasa qovub çıxarmaq istəyir! Həm də müşahidə etdiyim nədir? “Ənənəvi jurnalistika” indiki vəziyyətində belə daha sanballı, intellektual görünür. Amma son illərdə yaranan, rusiyalı politoloqlar demiş, “sistemdənkənar media”nın bizdən üstünlüyü nədədir? Daha çox məlumat verə bilir, daha çox şeydən danışa bilirlər! Halbuki “ənənəvi media” bu mövzuları da daha ciddi işləyərdi!..

O ki qaldı qadın siyasət adamları, siyasi jurnalistlər haqda əvvəldə yazdığım beş – on cümləyə, yaxınlarda internetdəki yeni medialardan birində həbsdə olan xanım jurnalistlər haqqında eşitdim.

Özüm üçün maraqlandım internetdən. Nəzərə alın ki, bunlar haqqında internetdə müfəssəl məlumat var, yəni biz - “ənənəvi media” bu informasiyaları verməsək də heç nə dəyişmir, internetdə hər şey var, pis vəziyyətdə qalan yenə “ənənəvi media” olur, öz oxucularını itirir.

Həmişə yazırıq ki, nə istintaq orqanıyıq, nə də məhkəmə ki, durub özümüz hüquqi təhqiqat aparaq, xüsusən də məhkəmənin əvəzinə hökm verək; nə belə haqqımız var, nə fikrimiz! Hətta daim onu da deyir və yazırıq ki, jurnalist də insandır, prinsipcə, hansısa qanun pozuntusu edər, buna qarşı onların xüsusi immuniteti yoxdur və ola da bilməz – onlar da hamı kimi lazım gələndə qanun qarşısına çıxmalıdır.

Çalışmaq lazımdır ki, proseslərin mayasında əsas səbəb jurnalistlərin yazdıqları, danışdıqları olmasın, çünki 21-ci əsrdir! Adam kimisə təhqir edibsə, üzr istəsin, məsələ bitsin! Böhtan yazıbsa, deyibsə, təkzib versin!

İllərdir ölkədə belə halları müşahidə edirəm və hər dəfə zərərçəkmiş insanlar üçün yazmışam ki, qardaşlar, bacılar, sizi həqiqət maraqlandırırsa, niyə təkziblə, üzrxahlıqla kifayətlənmirsiniz?

Yenə də deyirəm, jurnalist də insandır, fərqli-fərqli qanun pozuntularına yol verə bilər və bizim heç birimizin hansısa istintaqın işinə qarışmaq, müvafiq hüquq institutlarını hansısa formada əvəz etmək fikrimiz yox.

Başqa ölkələrdə qanundan savayı, müxtəlif sahələrin öz etik kodeksi olur. Bəzisi deyir ki, yox, qanunlar sərt olmalıdır, çünki bir də gördün jurnalist bu gün birini təhqir etdi, sabah digərini və canını üzr istəməklə qurtardı! Belə deyil! Siz hər gün kimdənsə üzr istəyən, təkzib verən jurnalisti oxuyarsınızmı, yaxud dinləyərsinizmi? İstər-istəməz, beləsinə qeyri-ciddi adam kimi baxacaqsınız! Bir də gördün ki, çalışdıqları media strukturları da onlardan imtina etdi: bir sarsağa görə niyə media strukturu auditoriyasını itirməlidir - əlbəttə, həmin jurnalistin saqsaq və ya, nə bilim, böhtançı, yaxud da şantajçı, reketçi olması sübut olunursa!

Peşələr var ki, onların ictimai reputasiyası çox vacib olur: bu, ilk növbədə siyasətdir və bir də jurnalistikadır. Cəmiyyət bunların arasında yalançıları, qeyri-ciddiləri, xüsusən də çirkli işlərlə məşğul olanları qəti sevməz.

Odur, düşünməyin, məsələn, jurnalistlərə çox sərt yanaşmaq, sərt tədbirlər görmək lazımdır. Belə deyil! Yanlışlıqları varsa, etirafları yetər. Ardı, necə deyərlər, artıq cəmiyyətin, hətta onların həmkarlarının işidir...

Tehsil-press.az

Oxşar xəbərlər