“ŞAİRLƏR BİR ÖMÜR EŞQ SƏRXOŞLARI”

“ŞAİRLƏR BİR ÖMÜR EŞQ SƏRXOŞLARI” Zamanın axarında ömrün sürət qatarı necə şütüyürsə, illərin necə gəlib-keçdiyinə təəccüb edirsən. Bir də baxırsan ki, cavan tanıdığın adam artıq müdrik yaşa gəlib çatıb... Bəlkə də, ən yaxşı ədəbi əsərlər isə zamanın axarına qarşı çıxaraq, əslində zamanın dərinliklərinə nüfuz etməyi bacaran ədiblərin yardıçılığında öz əksini tapır. Bu fikri 65 illik yubileyi ərəfəsində olması ilə məni ötən illərə çəkib aparan, uzun illərin dostu, dərin düşüncəli və zəngin ruhlu şair-publisist Tapdıq Əlibəyliyə də şamil etmək olar. Bu təmiz qəlb sahibi gözlərimin önündə 65 yaşı tamamlamaqdadır. İndi mən onu 65 yaşlı Tapdıq Əlibəyli kimi təqdir edir, şəxsiyyətinə də, yaradıcılığına da hörmətlə yanaşıram.

Tapdıq Əlibəyli öz ədəbi səsi-nəfəsi olan şairdir. Həyatı da, taleyi də eyni rakursdan çözür. Bu səbəbdən onun qələmə aldıqları oxucunu xoş ovqata kökləyir, onu daim düşünməyə, ciddi olmağa sövq edir. Bunu bütövlükdə yaradıçılığını səmimiyyət müşayiət edən şairin şeirlərində bariz şəkildə görmək mümkündür:

Qələmim - alın yazım,
Yazıya pozu yoxdu.
Özümə ayna sözüm,
Səfadan cəfa çoxdu.

İçimdə büdrəyəndə,
Əlimdən yapışdı Söz.
Qəlbimə söz dəyəndə,
Ruhumda alışdı Söz.

Bu poetik çalara bürünmüş düşüncədə - şeirdə Tapdıq Əlibəyli ömrü müqəddəs Sözün məqamları ilə yaşantı olaraq ehtiva olunub. Deyərdim ki, şeirdə Söz adamının sözlə çəkilmiş portreti olduqça canlı və təbii şəkildə təqdim olunur.

Səmimi deyim ki, bu şeirin içində insan özünü də görür, həyatını da, sabah-biri gün, ümumilikdə gələcəkdə yaşayacağı halları sətiraltı izləyir. Təbii ki, bir insan həyatında baş verə biləcək müəyyən hadisələri qabaqcadan bilmək üçün çox cəhdlər edir, bəzən buna nail olur, bəzən yanlışlıqlar onu öz əhatəsinə elə alır ki, çaş-baş qalır, ancaq ümid işığını söndürmür. Tapdıq Əlibəylinin yuxarıdakı şeiri oxucuya məhz bunu anladır.

Tapdıq Əlibəyli üçün sürətlə ötən ömür-həyat bir Tanrı nişanəsidir - Söz şəklində bir ruh, könül işidir:

Söz demərəm sözgəlişi,
Mən ki sözün pərvanəsi.
Şeir - bir ruh, könül işi,
Sözdə Tanrı nişanəsi.

Belə deyim ki, şair üçün “şeir feyzi” bir söz ehsanıdır, o, daim “bu fitrətə əhsən olsun” deyir. Sonra da “əzizlədim hər misranı, söz çələngim ehsan olsun” deməklə oxucuda həyata fərqli maraq yaradır.

65 yaşlı şair bu gün “yol gedirəm qərib-qərib, şeir-şeir dərgahına” fikri ilə ömür səfərinin ən qaynar həddində olduğunu bəyan edir. Bu yolda onu “qəlib-qəlib dualar” izləyir və bu dualar “Yaradana…agah”dır.

Tapdıq Əlibəyli yazır:

Şairlər bir ömür eşq sərxoşları,
İlham pərisinin hüsnündən xumar.
Könlü misra-misra söz naxışları,
Başına hər vədə çəkilməz tumar.

Bunu sözgəlişi demir əslində, razılaşaq ki, şairin dediklərində bir həqiqət var. Çünki “şairlər əzəldən söz pərvanəsi”dir, zaman-zaman “atəşə tutulub, oda yaxılıb”. “Sözü açıbsa da zindan-qəfəsi, şair ürəyinə güllə çaxılıb”... Bu fikirlərdə məyusluq doğuran heç nə yoxdur. Əksinə, şair həyatla insan arasındakı sərhədləri keçməyin mümkünlüyündən bəhs edir, çətin keçiləsi bütün yol ayrıclarında onu duyan oxucu üçün bir çıxış qapısının olduğunu deyir.

Şairin qəlbində yaşanan eşq həm fiziki, həm də mənəvi dünyanı aydınladan işıq kimidir. Bu, sadəcə insanın cismani eşqi deyil, həyatın bütün parıltılarına, müsbət və mənfi tərəflərinə duyulan dərin və əbədi sevgidir. Tapdıq Əlibəylinin qəlbi, məhz bu eşqin təsirindədir; onun ürəyi bir sehrin içindədir ki, hər an bir ritm tapır, hər an bir şeirə çevrilir. Bu, daha dərindən gələn bir ehtirasdır ki, insanın ruhunu oyandırır, varlığını özündən alır və onu sonsuz bir axtarışa, yaradıcı bir halətə gətirir.

Tapdıq Əlibəylinin şeirlərində bu axtarış bir çox formaya bürünür: bəzən incəliklə, bəzən isə sərt bir şəkildə. Ancaq nəticə eynidir: bu eşq heç vaxt bitmir, hər zaman yenilənir, hər zaman şairi özünə çəkir.

Şairlərin gözəlliyə olan sevgisi əbədidir. Onlar yalnız gözəl olanı yox, bu gözəlliyin arxasında dayanan acıları, ağrıları və həyəcanları da sevərlər. Bu sevgi onları dərinə, səmimi duyğulara aparır və yazılarında yalnız gözəlliyi deyil, həmin gözəlliyin kədərli çalarlarını da ortaya qoyurlar. Tapdıq Əlibəylinin yaradıcılığı məhz bu özəllikdə duyğuların, ehtizazların təcəssümüdür:

Gözümə, könlümə köçən gözəllik -
Tanrıdan boy alan bir əzəlilik.
Gəlimdən gedimə yol - əbədilik...
Baharla payızın gözəlliyitək.

O gözəllik ki, şairin varlığını riqqətə gətirir, hər bir kəlməni təzələyir, bütün aləmi bürüyür - bu, zamanın səsidir, əbədiliyin gözəlliyidir. Bu, bir həyat fəlsəfəsidir, varlığın hər anını təkrar-təkrar hiss etmə ehtiyacı ilə əlaqəlidir. Şair həyatın hər bir anını, hər bir gözəlliyi yeni bir başlanğıc kimi qəbul edir.

Tapdıq Əlibəylinin şeirləri, bu sevginin, bu ehtirasın, bu dərinliklərin ən yüksək nöqtələrində yüksəlir. Onun şeirində gözəllik bəzən pərişanlığın, bəzən sevdanın, bəzən nisgilin təbəssümüdür, amma hər zaman bir qeyri-adi dünya hissi ilə əlaqəlidir. Çünki onun sevgisi sadəcə bu dünyaya aid deyil - bu, əbədi, zamanın keçməz gözəlliyidir.

Şeirlərinin birinə belə yazır:

Çörəyi Sözdən çıxanın
Tüstüsü təpədən çıxır.
Özündə şimşək çaxanın
Sözü də şimşək tək çaxır.

Tapdıq Əlibəyli çörək, həyat və əl qabarı arasındakı məsamələrin hamısında eyni rəng çaları tapır və bunu hamımıza göstərməyə müvəffəq olur.

Şairin “dünya bəmdən zilə qəm nəğməsiymiş” fikri də eyni qənaəti ortaya qoyur. Çünki həyat acılarını “oxuyan da bizik, dinləyən də biz”. “Fələk saya salmaz sən saydığını”. Fələklə insan arasında olanlara ya insanın iradə zəifliyi, ya da şeytanın fövqəladə gücü səbəbdir.

Döğrudan da, “insan piyadadırsa, zamansa atdadırsa, qəfildən qara hislər həyatın ağlığını qara pərdələrlə örtər”.

Həyatda əbədi nə var? Heç nə. Tapdıq Əlibəylinin aşağıdakı misraları bu anlamı ifadə edir:

Bir vaxt bir ev vardı bağlı-bağatlı…
İndi xəyallarım o evi tikir.
Anam çağırardı həzin bayatı…
Səs susub, yanğısı özünə çəkir.

Zaman gəlir ki, atalı-analı günlərin bir xəyala çevrilir. Belə bir yaşantının acısı ilə tutuşan şair bu təlaşın hamıda eyni olduğunu, lakin bu ayrılığı hərənin bir cür çəkdiyini deyir.

Mən aşağıdakı şeir parçalarında da Tapdıq Əlibəylini həyata bağlı, zəhmət qubarında bərkiyən adam kimi görürəm:

Köküm torpağımın dərinliyində,
Gövdəm torpaq üstə şaxələnibdir.
Azərbaycanımın şirinliyində
Vətənə məhəbbət - torpaqdakı sirr…

Burda əzəlimin paklığı yatıb,
Ən ülvi hisslərə köklənib ruhum.
Fərəhim ürəkdə zivəyə çatıb,
Torpağın qüdrətin nə vaxt ki duydum.

Dağlar vüqarını çeşməyə süzüb,
Göylər ulduzunu çəmənə düzüb,
Günəş edənədək zirvədə qürub,
Təbiət çağırır, seyr et doyunca.

Bu misraları oxuduqca sanki Tapdıq Əlibəylinin yaşadığı 65 ilin hamısı gözlərimin önündən mülayim, ilıq-isti baxışlarla ötür, onun ömür-həyat göydələnində 65 mərtəbə Allah sevgisi ilə süslənmiş şəkildə nəzərimdə canlanır. Çünki şair qəlbi nə qədər təmizdirsə, bir o qədər israrlı, çək-çevirlidir. Bu israrlar,bu çək-çevirlər əsl insan sevgisi ilə doludur deyə mən Tapdıq Əlibəylinin ömür qatarının içində apardıqlarını dəqiq görür və bunları təqdir etməkdən məmnunluq duyuram.

Sənə can sağlığı arzu edirəm, şair qardaşım! 65-illik yubleyin mübarək olsun!

Raqif NAZİMOĞLU
hüquq elmləri üzrə fəlsəfə doktoru,
AYB və AJB-nin üzvü, şair-publisist,
"İti Qələm" Respublika Ədəbi Birliyi və
"Ağsu Yazarları" Ədəbi Birliyinin sədri,
Türk Dünyası Araşdırmaları Beynəlxalq
Elmlər Akademiyasının fəxri professoru


Tehsil-press.az

Oxşar xəbərlər