Son illər bazarlarda, mağazalarda və küçə ticarətində 1 manata, bəzən daha da ucuz qiymətə satılan plastik qablar, yemək taraları və su butulkaları əhalinin gündəlik istifadəsinə geniş şəkildə daxil olub. Xüsusilə uşaqlara şüşə əvəzinə plastik qab və butulkalarda su, qida verilməsi geniş yayılıb. Bu isə sağlamlıq baxımından ciddi narahatlıq doğurur. Mütəxəssislər bildirir ki, ucuz və keyfiyyətsiz plastik qablar qida ilə təmas zamanı insan orqanizmi üçün təhlükəli ola bilən kimyəvi maddələri qidaya ötürə bilər.Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu məsələ ilə bağlı dəfələrlə xəbərdarlıq edib.
Onun sözlərinə görə, plastik qablar əsasən neft əsaslı sintetik maddələrdən hazırlanır və xüsusilə isti, yağlı, turşulu qidalar bu qabların içində saxlanıldıqda toksiki maddələrin qidaya keçmə riski yüksəlir.
Eyyub Hüseynov qeyd edir ki, ucuz plastik qabların üzərində əksər hallarda “qida üçün uyğundur” kimi heç bir rəsmi nişanlama olmur və bu da onların təhlükəsizliyinə şübhə yaradır. AİB sədri hesab edir ki, insanlar fərqinə varmadan gündəlik olaraq zəhərli maddələri bədənlərinə qəbul edirlər.
“Plastik qablar xüsusilə qaynar yeməklər üçün istifadə edildikdə daha təhlükəli olur. Çünki yüksək temperatur plastikdə olan bisfenol, ftalat və digər zərərli maddələrin qidaya miqrasiyasını sürətləndirir. Bu maddələr isə hormonal pozuntulara, immun sisteminin zəifləməsinə, reproduktiv problemlərə və uzun müddətli istifadədə xərçəng riskinin artmasına səbəb ola bilər. Uşaqlar üçün bu risk daha yüksək qiymətləndirilir, çünki onların orqanizmi bu cür maddələrə qarşı daha həssasdır” , – deyə Eyyub Hüseynov qeyd edib.
E.Hüseynov bildirib ki, Azərbaycanda qida ilə təmasda olan plastik materiallarla bağlı müəyyən normativ sənədlər mövcuddur və bəzi zərərli maddələrin istifadəsi rəsmi şəkildə qadağan edilib:
“Lakin buna baxmayaraq, bazarda ucuz plastik qabların satışı davam edir. Bunun əsas səbəblərindən biri nəzarətin zəifliyi və alternativ sağlam qabların bazarda kifayət qədər geniş yayılmamasıdır. Bir tərəfdən qadağalar tətbiq olunur, digər tərəfdən isə həmin məhsullar sərbəst şəkildə satışda qalır və istehlakçı real təhlükə ilə üz-üzə qalır”.
Ekspertin sözlərinə görə, plastik qabların tam qadağan olunması hələ ki real görünmür, çünki bazarda böyük tələbat var və ucuzluq amili əsas rol oynayır:
“Şüşə, metal və keramika qablar plastiklə müqayisədə daha baha olduğu üçün əhali məcbur qalıb ucuz plastik məhsullara üz tutur. Dövlət tərəfindən həm ciddi nəzarət mexanizmi gücləndirilməli, həm də alternativ sağlam qabların istehsalı və satışı stimullaşdırılmalıdır”.
Tehsil-press.az











