Fazil Mustafadan İlqar Məmmədova ŞOK CAVAB: "Yüngül əxlaqlı və sərbəst həyat arzulayan..."

Fazil Mustafadan İlqar Məmmədova ŞOK CAVAB: Əlbəttə ki, bütün yazdığım mətnlər və etdigim çıxışlar ideal deyil. Hər birində tənqid üçün yetərincə açıq məqamlar olur və olmalıdır da! Yazı mətnləri ilə birbaşa mətnsiz edilən çıxışlar da bir-birindən üslubca fərqlənir. Yazı mətni daha ciddi məsuliyyət tələb edir və qalıcı dəyərləndirməyə tabedir. 50-100 il sonralarda da oxunub fərqli baxış bucağından şərh oluna bilər.

Şifahi çıxışın isə əsas hədəfi mövcud auditoriyaya uyğun olaraq izləyicilərin diqqətini seçdiyin və ya öncədən seçilmiş mövzuya yönəltməkdir. Burada ritorik manevrlər qaçılmazdır və problemin ciddiliyini qabartmaq üçün seçdiyin üslub çox böyük önəm daşıyır. Xüsusilə də çıxış üçün dəqiq vaxt çərçivəsi qoyulanda, arzu etdiyini deyil, vaxta sığışa bilənləri dinləyənlərə çatdırmağa məhkum olursan. Son parlament iclasında 5 dəqiqəlik çıxışımı bir daha diqqətlə dinlədim. Bu çıxışda 6 ciddi problemə toxunulmuş, bir neçə faydalı saylıla biləcək təklif verilmiş və nədənsə bütün bu mövzudan sosial şəbəkədə ancaq boşanmaların bəzi qadınlara aid neqativ tərəfi geninə-boluna müzakirə olunmuşdur. Qeyd edim ki, bunların içində təqdir və tənqid yazılarına normal yanaşmışam və hətta bəzi tənqidləri faydalı hesab edərək öz səhifəmdə də paylaşmışam. Etik çərçivəni aşmadan paylaşılan bir neçə status üzrə aparılan müzakirələrə də birbaşa qoşularaq mövqeyini aydın şəkildə çatdırmağa çalışmışam.

Lakin hər dəfə olduğu kimi marıqda gözləyən bəzi dəyərsiz kimliklər mövzunu bir tərəfə buraxıb şəxsimi məqsədyönlü şəkildə təhqir etməyə çalışanda yazılarımla onlara zəruri Osmanlı tokatı vurmağa da tənbəllik etməmişəm. Qısaca yuxarıda vurğulanan mövzu ilə bağlı aydın mövqeyimi bildirim: Boşanmalar ailə institutunu ciddi şəkildə sarsıdır, məhkəmə praktikasında günahkar əsasən kişilərin uyğunsuz davranışı olur və onların üzərinə aliment öhdəliyi qoyulur. Üstəlik, bir qisim kişilərin alimentləri ödəməkdən məqsədli şəkildə yayınılması da qadınlarımız üçün ağır sosial sıxıntılar yaratmaqdadır.

Doğrudan da boşanmalarda daha çox rolu olan tərəf kişilərdir. Bu səbəbdən boşanmış iffətli qadınların da hansı əzab-əziyyətlə, psixoloji travmalarla övladlarını böyütdüklərini çevrəmizdə, yaxud çevrəmizdən kənarda açıq şəkildə müşahidə edə və duya bilirik. Eyni zamanda qeyd edirəm ki, bəzi qızlar da məqsədyönlü şəkildə ailə qururlar ki, bir və ya iki uşaq olandan sonra aliment almaq, mal-mülkdən pay qazanmaq və sərbəst yaşamaq (bunun içində açıqlanması mümkün olan və olmayan çox məsələlər durur) istəklərini həyata keçirsinlər. Bu barədə də müvafiq orqanlardan əldə etdiyim faktlara, tanıdığım və ya qəbulumda olan insanların müraciətlərinə əsaslanan yetərincə bilgilər var. Ancaq yenə də bu şəxsləri ittiham etmək yerinə, təklif etmişəm ki, belə niyyətli qadınlar müəyyənləşdirildiyi təqdirdə Mediasiya qurumu rəyini məhkəməyə təqdim etsin və nəticədə daha obyektiv qərarlar qəbul olunsun. Bununla da boşanmada günahı olmayan kişilərə ağır maddi məsuliyyət yüklənməsin. Buraya qədər yəqin ki, normal düşünən, ağlı başında olan hər kəs çıxışın mahiyyətini anlamış oldu. İndi isə keçək ağlı başında olmayanlara bəzi məqamları izah etməyə.

Onlardan biri də heç şübhəsiz "REAL" partiyasının keçmiş sədri İlqar Məmmədovdur. Əlbəttə, İlqar Məmmədov bizim çıxışımıza mədəni tənqid üslubunda cavab versəydi, "Eyvallah!" deyib üzərindən sakitcə keçərdik və hətta bəzi tənqidlərindən faydalanardıq. Ən azı siyasi partiyalar arasında, partiya rəhbərləri arasında münasibətlərin normal səviyyədə qorunmasına cəhd etməklə bu etik çərçivəni aşmamaq mümkün idi.

Ancaq nədənsə bu şəxs açıq şəkildə ədəbsiz üslüb seçərək “bizim statistikanı anlamadığımızı”, “qadınları şərlədiyimizi”, “ağılsız fikir ortaya atdığımızı” iddia edərək təhqiramiz ittihamlar irəli sürmüşdür. Öncə inanmadım, çünki bizim çıxışımız ailə institutunun pozulmasında rolu olan, bəzi yüngül əxlaqlı və sərbəst həyat arzulayan, yüksək maaşdan yüksək aliment və mülkiyyətdən pay qoparmaq niyyəti ilə boşanmağa çalışan qadınlarla əlaqəli idi. Lakin və sanki həmin kateqoriyaya aid olan şəxslərdən biri kimi məhz İlqar Məmmədovun cavab verməsi bəzi məqamları xatırlarkən təəccübümə səbəb olmadı. Çünki illər öncə həmin yuxarıda adı keçən İlqar Məmmədov bütövlükdə parlamenti tərbiyəsizcəsinə heyvanxanaya bənzətmişdi və ardınca da gizli öhdəliklər, habelə Avropa məhkəməsinin qətnaməsi ilə ödənilən külli miqdarda vəsait nəticəsində təcili və müəmmalı şəkildə həbsxanadan azad olunan kimi özünün heyvanxana dediyi müəssissəyə düşmək üçün əlahiddə canfəşanlıq etmişdi. Nəticədə arzuladığının əksinə parlamentdə deyil, siyasətin təcrid olunmuş heyvanxanasında irreal bir baxıcı olaraq qalmağa razılaşmış oldu.

Yazısının sonluğu ilə tanış olduqda isə aydın olur ki, İlqar Məmmədovun yüngül həyat tərzinə meylli qadınların adından etiraz səsini ucaltması heç də onun səmimiyyətindən irəli gəlmir. Çünki adam əslində mövzuya dəxli olmayan başqa bir gileyini diqqətə çatdırmaq istəyir. Guya deputatlardan biri seçkilərə qoşulduğu zaman ona dostcasına belə demişdir: “İlqar, sən niyə seçicilərə səslənirsən axı? Nəzərə al da, sənin bircə nəfər seçicin var. Əsas odur, elə et səndən o razı qalsın!” Tövsiyə olaraq deyim ki, cənab İlqar Məmmədov, bundan sonra da səndən nə o, nə onlar, nə də seçici dediyin Azərbaycan vətəndaşları razı qalcaqlar. Sənə zərrə qədər etibar da etməyəcəklər. Çünki həbsxanadan hansı şərtlərlə çıxdığını bilənlər anlayırlar ki, mal-mülk üçün, siyasi aliment əldə etmək üçün boşanmağa həmişə meyilli olacaqsan!

Çalış, bundan sonra heç olmasa, bu cür qadınların hüquqlarını davamlı qoruyan feminist olasan! Onlar səni layiq olduğun yerə hökmən təyin edəcəklər!

Tehsil-press.az

Oxşar xəbərlər